Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər.
"Unikal" xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyev çıxışında Cəbrayılda inşa ediən Günəş elektrik stansiyalarından danışıb: "Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir - üç stansiya, ümumi gücü 340 meqavat. Yəni bu gün 340 meqavatla bütün Qarabağı işıqlandırmaq olar. Amma nəzərə alsaq ki, biz artıq Zəngilanda, Laçında, Kəlbəcərdə 300 meqavatdan çox su elektrik stansiyaları işə salmışıq, təqribən bir-iki il ərzində bu bölgənin Günəş və su potensialı elektrik istehsalı üçün 700 meqavata yaxın olacaq. Yəni bu, ölkə üçün, məşğulluq üçün çox böyük xeyir gətirəcək. Yəni azad edilmiş bütün bu ərazilər ölkəmizin bütün başqa əraziləri ilə bağlanır - yollarla, hava limanları ilə, elektrik və su xətləri ilə. İndi “Xudafərin”, “Qız Qalası” su anbarlarının suyundan da istifadə edəcəyik, orada elektrikdən də istifadə edəcəyik. Beləliklə, bir daha bütün dünyaya göstərəcəyik ki, biz qurub-yaradan xalqıq, eyni zamanda, döyüşən xalqıq. Bu torpaqları biz qan tökərək qaytarmışıq, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - parlaq Qələbə qazanmışıq, bu Qələbənin müasir tarixdə tayı-bərabəri yoxdur, yəqin ki, olmayacaq və biz bu əbədi Qələbə ilə fəxr etməliyik. Gənc nəsil də evlərdə, ailələrdə, məktəblərdə bu ruhda tərbiyə almalıdır ki, biz müzəffər ölkə, xalq kimi bundan sonra qürurla yaşayaq".
























































