Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

"Unikal" xəbər verir ki, tədbirlər proqramı çərçivəsində Heydər Əliyevin adını daşıyan parkda ağacəkmə aksiyası təşkil olunub. Aksiya zamanı 103 ədəd Eldar şamı əkilib, ərazidə abadlıq işləri aparılıb və yeni yaşıllıq zolaqları salınıb. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev və rayon üzrə fəaliyyət göstərən idarə-müəssisə nümayəndələri iştirak ediblər. Ümummilli liderin 103 illik yubileyi münasibətilə məhz 103 ağacın əkilməsi tədbirə xüsusi rəmzi məna qazandıraraq, dahi şəxsiyyətin xatirəsinə ehtiramın parlaq ifadəsi kimi dəyərləndirilib.

Bununla yanaşı, Xətai rayon məktəblərinin yuxarı sinif şagirdləri arasında “Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib. Müsabiqədə 100-dən çox şagird iştirak edərək ümummilli liderin dövlətçilik fəaliyyəti, xalq qarşısındakı tarixi xidmətləri və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki rolundan bəhs edən yazılar təqdim ediblər.

Silsilə tədbirlər çərçivəsində rayon gəncləri arasında şahmat turniri də təşkil olunub. Turnirin final mərhələsində Xətai rayonunun 29 məktəbinin komandaları mübarizə aparıb, yarışın yekununda qaliblər müəyyənləşdirilib.

Keçirilən tədbirlər Heydər Əliyevin zəngin siyasi irsinin təbliği, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, ekoloji dəyərlərin təşviqi və milli-mənəvi dəyərlərin gələcək nəsillərə aşılanması baxımından xüsusi əhəmiyyət daşıyıb.