Oktyabrın 16-da Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidləri Ataməli Seyidməmməd oğlu Musaoğlu və Ruslan Hikmət oğlu Abasovun anım mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi Bəxtiyar Hümbətov, Qərbi Azərbaycan İcmasının Qaradağ rayon təşkilatı sədrinin müavini İbad Mehdiyev, Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, şəhid ailələri, qazilər, şəhidlərin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar şəhidlərin məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirələrini ehtiramla anıb, ruhlarına dualar oxuyublar. Daha sonra ehsan süfrəsində iştirak edib, şəhidlərin ailə üzvlərinə başsağlığı veriblər.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.