Oktyabrın 16-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri və şəhid ailələri Yuxarı Salahlı kəndində Vətən müharibəsi şəhidi, baş gizir Teymur Hacıyevin ailəsini ziyarət ediblər.

"Unikal" xəbər verir ki, şəhidin dəfninin altıncı ildönümü ilə əlaqədar keçirilən ziyarətdə onun xatirəsi ehtiramla yad olunub. Rəcəb Babaşov ailəsinə başsağlığı verib, şəhid ailələrinə və qazilərə diqqət və qayğının daim davam etdiriləcəyini bildirib.

Teymur Hacıyev 1991-ci il yanvarın 28-də Yuxarı Salahlı kəndində anadan olub. 2010-cu ildən Azərbaycan Ordusunda gizir kimi xidmət edib. 2020-ci il oktyabrın 13-də Füzuli–Cəbrayıl–Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub, oktyabrın 16-da doğma kəndində dəfn edilib. Hüseyn və Zaur adlı iki oğlu yadigar qalıb.

Baş gizir ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.