Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər.
"Unikal" xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyev ilk növbədə sakinləri doğma vətənə qayıtmaqları münasibətilə təbrik edib: "Şükürbəyli kəndi tamamilə yenidən qurulub. Bildiyiniz kimi, işğal dövründə Ermənistan dövləti bu kəndi tamamilə dağıtmışdı, bir dənə də salamat bina qalmamışdı. Mənim keçmiş köçkünlərlə işğal dövründə çoxsaylı görüşlərim zamanı həmişə deyirdim ki, biz torpaqları azad edəndən sonra bütün şəhərləri, kəndləri quracağıq, onları daha gözəl vəziyyətə gətirəcəyik və bu gün Şükürbəyli kəndinin timsalında bunu görürük. Kənd çox müasirdir, yaşamaq, çalışmaq, təhsil almaq üçün bütün şərait - məktəb, musiqi məktəbi, iki uşaq bağçası, tibb məntəqəsi, əlbəttə, gözəl, yaraşıqlı evlər var ki, burada siz - Şükürbəyli kəndinin sakinləri rahat yaşayasınız.
Uzun illər ərzində bu torpaqlar işğal altında olub. Ermənistan dövləti Azərbaycan xalqının irsini bu ərazidən tamamilə silmək istəmişdir, ancaq buna nail olmamışdır. Baxmayaraq ki, şəhər və kəndlərimiz viran qoyulub, Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməmişdir. Bilirəm ki, siz və bütün keçmiş köçkünlər bir arzu ilə - öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşamısınız. Bəziləriniz Biləsuvar rayonunda dövlət xətti ilə verilmiş evlərdə məskunlaşmısınız, bəziləriniz özünüz üçün hansısa şərait qurmusunuz. Amma əlbəttə ki, doğma torpaq, doğma vətən hər şeydən daha əzizdir".
Dövlətimizin başçısı bu günü tarixi adlandırıb: "Bu gün çox gözəl bir gündür, tarixi bir gündür, ədalətin təntənəsi günüdür. Biz - bu torpaqların sahibləri nəinki bu torpaqları düşmən əlindən döyüşərək aldıq, şəhidlər verərək aldıq, eyni zamanda, bu torpaqları canlandırdıq. İşğal dövründə Ermənistan dövləti Cəbrayıl rayonunda bir daşı daş üstə qoymamışdı. Düzdür, yol çəkmək istəyirdi, amma buna vaxtı çatmadı. Amma bir daşı daş üstə qoymamışdır. Cəbrayıl tamamilə yerlə-yeksan edilmişdir, nə şəhərdə, nə də ki, kəndlərdə bir dənə də salamat bina qalmamışdı, Ağdam kimi. Zəngilanda tək-tük ev qalmışdı, orada qanunsuz məskunlaşma da aparırdılar. Amma Füzuli, Ağdam, Cəbrayıl tamamilə dağıdılmışdır. Evlər söküldü, daşlar talan edildi, müxtəlif yerlərdə bazarlarda satıldı. Biz isə qurub-yaradırıq. İndi Cəbrayıl rayonunda bir neçə min insan yaşayır. İlk növbədə, Cəbrayıl şəhərində, - şəhərin mərkəzi də buradan o qədər də uzaq deyil, - ondan sonra Horovlu kəndində, Cocuq Mərcanlıda. Aprel döyüşlərindən sonra biz o kəndi yenidən qurduq. Ən çox insanlar burada yaşayacaq, hələlik 635 ev. Amma mənə verilən məlumata görə, köçmək, qayıtmaq istəyənlərin sayı daha çoxdur, təqribən 900-dən çoxdur. Ona görə kəndin ikinci mərhələsini də biz nəzərdə tuturuq.
Əlbəttə ki, yaşayışla əlaqədar, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir. Burada da vətəndaşların məşğulluğunu təmin etmək üçün bütün müvafiq göstərişlər verildi - həm mövcud olan dövlət sektorunda iş yerləri təbii ki, təqdim olunur, ondan sonra kənd təsərrüfatı ilə məşğul olmaq üçün, xüsusilə heyvandarlıq və bitkiçiliklə. Bunlardan başqa, Cəbrayıl rayonunda sənaye zonası – “Araz Vadisi” Sənaye Zonası fəaliyyət göstərir, orada da böyük sahəni biz nəzərdə tutmuşuq, 200 hektar sahə ayrılıb. Bu sənaye zonasında indi 20 rezident var, artıq istehsala da başlamışlar. O, daha da böyüyəcək, o da buradan çox da uzaqda deyil. Onu da bildirməliyəm ki, azad edilmiş ərazilərdə biz cəmi iki sənaye zonası nəzərdə tutmuşuq - biri Ağdamda, biri də Cəbrayılda".
























































