Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 23-də Özbəkistanna səfər edib.

"Unikal" xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti UNESCO və ICESCO-nun himayəsi altında Namanqan şəhərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumunda, həmçinin Əndicanda təşkil olunan “Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026” ilinin açılış mərasimində iştirak edəcək.

23-26 iyun tarixlərini əhatə edən forum məqam (muğam) sənətinin qorunması, təbliği və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına həsr olunub. Tədbir çərçivəsində konfranslar, konsertlər, ustad dərsləri və yaradıcı müzakirələr keçiriləcək.

“Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026” layihəsi isə türk xalqlarının ortaq mədəni irsinin təşviqi, mədəni həmrəyliyin gücləndirilməsi və humanitar əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Nümayəndə heyətinin tədbirlərdə iştirakı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında nəzərdə tutulan beynəlxalq mədəni tərəfdaşlıqların inkişafı istiqamətində mühüm əhəmiyyət daşıyır.