ABŞ dəniz piyadaları Oman körfəzində İran bayrağı altında üzən “Celestial Sea” adlı kommersiya tankerini saxlayıb.

“Unikal” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, ABŞ hərbçiləri tankerin İslam Respublikasının limanlarından birinə doğru hərəkət edərək Vaşinqtonun tətbiq etdiyi dəniz blokadasını pozmağa cəhd etdiyindən şübhələniblər.

Bunun ardından ABŞ Dəniz Piyadaları Korpusunun 31-ci ekspedisiya dəstəsi tankerin göyərtəsinə eniş edib. Gəmidə aparılan axtarışdan sonra hərbçilər ekipaja marşrutu dəyişmək göstərişi veriblər. Daha sonra isə dəniz piyadaları tankeri tərk edib.

CENTCOM-un açıqlamasına əsasən, ABŞ-ın İrana qarşı həyata keçirdiyi dəniz blokadası müddətində bir aydan artıq vaxt ərzində 91 kommersiya gəmisi kursunu dəyişməyə məcbur olub.