AQTA-nın Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Milli Monitorinq Planına əsasən Quba rayonunun Barlı, Xaçmaz rayonunun Dədəli və Nərəcan kəndlərində yerləşən 76 meyvə bağında (gilas, şaftalı, nektarin, alma) fitosanitar monitorinqlər aparılıb. 

"Unikal" xəbər verir ki, monitorinqlər zamanı fitosanitar müfəttişlər tərəfindən bağlara baxış keçirilib, sirayətlənmə əlamətləri olan meyvə ağaclarından nümunələr götürülərək xəstəlik və zərərvericilərin təyinatı məqsədilə AQTİ-nin müvafiq laboratoriyalarına təqdim edilib. Müayinələr nəticəsində karantin tətbiq edilən zərərli orqanizm müəyyən olunmayıb. 
Eyni zamanda əməkdaşlar tərəfindən təsərrüfatlarda bitki mühafizə vasitələrinin istifadəsi, saxlanması, daşınması zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına əməl olunması barədə sahibkarlarla maarifləndirici söhbətlər aparılıb.