Mayın 13-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Girdəni kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.

"Unikal" xəbər verir ki, görüşdə şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər. 

Taleh Qaraşov  bildirilib ki, səyyar görüş-qəbulların keçirilməsində məqsəd yerli sakinlərin şəxsi və ümumi problemlərinin öyrənilməsi, onların həlli istiqamətində müvafiq addımların atılması, insanların həyat şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilməsidir.

Dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını, vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin, qarşılıqlı açıq dialoq mühitinin formalaşdığını deyən icra başçısı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaş məmnunluğunun təmin olunmasına xüsusi diqqət ayırdıqlarını və daim sözügedən məsələnin şəxsi nəzarətlərində saxladıqlarını vurğulayıb. 

 Taleh Qaraşov vətəndaşlar tərəfindən qaldırılan məsələlərə həssaslıqla yanaşıldığını və hər birinin həlli ilə bağlı vətəndaşlara qanunamüvafiq formada cavablar veriləcəyini qeyd edib.

Girdəni kəndinin sakinləri vətəndaşla məmur arasındakı birbaşa dialoq mühitinin günü-gündən inkişaf etməsinə, onların qayğı və problemlərinin həllinə yönəlik çevik addımların atılmasına, qaldırdıqları məsələlərə operativ və obyektiv yanaşmanın ortaya qoyulmasına görə  dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.