Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, həyat yoldaşı Gülnar Müzəffərova və qaynı Qasım Xankişiyevin cinayət işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib.
"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs Qasım Xankişiyev bildirib ki, hadisə baş verən gün bacısı ona zəng edərək çağırıb.
Digər təqsirləndirilən şəxs Elşən Müzəffərovun sözlərinə görə, Səxavətin öldürülməsi ilə bağlı qaynı ilə plan cızıblar:
"Arvadım Gülnar qonşumuz Səxavətin mən Rusiyada olanda dəfələrlə onu zorlaması əməlini deyəndə Səxavəti cəzalandırmağa qərar verdim. Bu barədə Qasıma deyəndə o, söylədi ki "Səxavətin cəzası ölümdür. Mən öldürəcəm, sən üstünə götürərsən". Planı Qasım qurdu. Səxavətin işdən qayıtmaq vaxtına kimi öyrənmişdik. Onun gəlişi üçün Qasım küçədə, mən isə həyətdə gözlədim. O gələn kimi Qasım üstünə atılıb onu həyətə saldı və boğdu. Gördüm ki, mərhumun nəfəsi kəsilmişdi və o artıq ölmüşdü. Köməkləşib onu quyuda basdırdıq. Yoldaşım Gülnar bu qətldə iştirak etməsə də lakin onu öldürəcəyimizi bilirdi".
Digər təqsirləndirilən şəxs Qasım Xankişiyev məhkməyə bildirdi ki, ibtidai istintaq dövründə ifadəsini təzyiq altında verib:
"Hadisəni Elşənlə birgə törətməmişəm. Elşən məni evə çağırdı və həyətə girəndə artıq gördüm ki, Səxavət ölüb. Mən yalnız meyidin quyuda basdırılmasında iştirak etmişəm. Bu söhbəti mən biləndə bacıma dedim ki, sənin ucbatından biri qəbirə, digəri isə türməyə gedir. Sən də ip götür özünü as öldür".
Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.
Qeyd edək ki, hadisə Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və onun arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətində basdırılıb.
Qətli törətməkdə şübhəli bilinən sözügedən cütlük hadisədən sonra saxlanılıb. İbtidai istintaq araşdırmaları ilə cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər Qasım Xankişiyev də müəyyən olunaraq saxlanılıb.
Hər üç təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Orxan Rasifoğlu
