ABŞ-nin Dallas şəhərində 12 yaşlı məktəbli şəxsi elmi layihəsi çərçivəsində nüvə sintezinə nail olduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə UPI аgentliyi məlumat yayıb.
Yeddinci sinif şagirdi Ayden Makmillan bildirib ki, nüvə fizikasının əsaslarını öyrənməyə səkkiz yaşından başlayıb. Onun sözlərinə görə, ilk iki ili nəzəri hazırlığa həsr edib, daha sonra isə qurğunun prototiplərini hazırlamağa başlayıb.
Yeniyetmə qeyd edib ki, anası üçün onun bu marağını qəbul etmək asan olmayıb. Makmillan deyib ki, anası mümkün risklər və təhlükəsizlik tədbirləri barədə ətraflı izahatlar tələb edib. Onun sözlərinə görə, layihə neytronların qeydə alınması ilə yekunlaşıb ki, bu da nüvə sintezi reaksiyasının baş verdiyini göstərə biləcək göstərici hesab olunur.
Hazırda məktəbli nüvə sintezinə nail olmuş ən gənc şəxs kimi tanınmaq məqsədilə Ginnesin Rekordlar Kitabına müraciət edib. Mövcud rekord isə Cekson Osvaltın adınadır. Rəsmi məlumatlara görə, o, 13 yaşında nüvə sintezini həyata keçirib.
