Rusiyalı televiziya aparıcısı Vladimir Solovyov son günlərdə verilişlərindən yoxa çıxıb.

"Unikal" xəbər verir ki, onun "Rossiya-1" kanalındakı "Vladimir Solovyovla axşam" verilişi müvəqqəti olaraq teleserialla əvəz olunub və "Komsomolskaya Pravda" radiosundakı səhər verilişləri artıq digər jurnalistlər tərəfindən aparılır.

Bu fonda sosial media aparıcının işdən çıxarılma ehtimalını fəal şəkildə müzakirə edir. Bir neçə Rusiya mediası Solovyovun işdən çıxarılması məsələsinin həqiqətən qaldırıldığını iddia edir, lakin qərarın Prezident Administrasiyası rəhbərinin birinci müavini Aleksey Qromov tərəfindən bloklandığı iddia edilir.

Qalmaqal Solovyovun Ermənistan və Orta Asiya ölkələrində mümkün "hərbi müdaxilə" ilə bağlı mübahisəli açıqlamalarından sonra yaranıb. Bu sözlər sərt ictimai reaksiyaya səbəb olub. Lakin Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aparıcının tərəfini tutaraq, onun Orta Asiya ilə bağlı açıqlamalarının "kontekstdən çıxarıldığını" bildirib.

Brifinqdə vəziyyətlə bağlı şərh verən Zaxarova vurğulayıb ki, bu, "Solovyov LIVE" özəl televiziya kanalında ifadə edilən "yalnız jurnalistin şəxsi fikri"dir və bu sözlər Kremlin rəsmi mövqeyini əks etdirmir.

Solovyovun efirdən yoxa çıxmasının rəsmi səbəbi hələlik açıqlanmayıb. Mediada planlaşdırılan fasilədən tutmuş daxili kadr qərarlarına qədər müxtəlif nəzəriyyələr müzakirə olunur. Mümkün sağlamlıq problemləri ilə bağlı da şayiələr gəzir, lakin bu məlumatın da təsdiqi yoxdur.