2026-cı il yanvarın 13-də Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında Yasamal Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib. Konfransdan əvvəl iştirakçılar Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.
"Unikal" xəbər verir ki, tədbir Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun giriş sözü ilə açılıb. Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin və rayon şurasının vəfat etmiş sədrinin və üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elşad Həsənov bildirdi ki, Azərbaycanda Ağsaqqallar Şurası hələ 1989-cu ildə təsis edilmiş, 1990-cı ildə isə dövlət qeydiyyatından keçərək rəsmi fəaliyyətə başlamışdır. 1990-cı ildən də Yasamal rayonu Ağsaqqallar Şurası fəaliyyət göstərir və qurumun hazırda 2000-nə yaxın üzvü var. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ağsaqqallara və ahıl vətəndaşlara dövlətin diqqət və qayğı siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 90-cı illərin əvvəlində ölkəmizdə hərc-mərclik baş qaldıranda bizim ziyalı və ağsaqqallar Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. O zaman Azərbaycanı bu bəlalardan məhz Ulu Öndər Heydər Əliyev qurtardı.
Konfransda Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov və Respublika Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli iştirak ediblər.
Yasamal Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Rayon Veteranlar Təşkilatının sədri Vaqif Məmmədov tərəfindən konfransın gündəliyi səsə qoyulub və qəbul edilib. Gündəlikdə əsas məsələlər Yasamal Rayon Ağsaqqallar Şurasının yeni sədrinin seçilməsi, təşkilatın İdarə Heyətinin və Təftiş Komissiyasının yenidən formalaşdırılması olub.
Tədbirdə çıxış edən Yasamal Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri - Bakı Dövlət Universitetinin professoru Məcnun Babayev, Xalq artisti Nurəddin Mehdixanlı və digər natiqlər ağsaqqalların ölkəmizdəki nüfuzundan, ağsaqqal sözünün, nəsihətinin əhəmiyyətindən ətraflı söz açıblar. Yasamalda Rayon Ağsaqqallar Şurasının mərhum sədri Cavanşir Qurbanovun rəhbərliyi ilə görülən işlərdən bəhs ediblər.
Çıxışçılar tərəfindən Yasamal Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə təşkilatın İdarə Heyətinin üzvü, sədr müavini, tarix elmləri doktoru, professor, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədovun namizədliyi irəli sürülüb. Vurğulanıb ki, görkəmli alim xalqımız və dövlətimiz qarşısında dəyərli xidmətləri, eləcə də yüksək nüfuzu və böyük hörməti ilə bu vəzifəyə ən layiqli namizəddir. Sonra açıq səsvermə yolu ilə Fuad Məmmədov Yasamal Rayon Ağsaqqallar Şurasına sədr seçilib. Daha sonra Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə və Təftiş Komissiyasına sıralarında rayonun nüfuzlu ağsaqqallarının, ziyalılarının olduğu şəxslərin namizədliyi irəli sürülüb. Açıq səsvermə yolu ilə Yasamal Rayon Ağsaqqallar Şurasının yeni İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb. Bakı Dövlət Universitetinin professoru Məcnun Babayev və dövlət qulluğu təqaüdçüsü Cumar İsayev sədr müavini vəzifəsinə seçiliblər.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov öz nitqində tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb, yeni seçilən sədri – professor Fuad Məmmədovu, eləcə də İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara məsuliyyətli və şərəfli vəzifələrində uğurlar arzulayıb. Əmin olduğunu bildirib ki, ağsaqqallar bundan sonra rayonun ictimai-siyasi və mədəni həyatında daha aktiv iştirak edəcək, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə, eləcə də gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsinə böyük töhfələr verəcəklər.
Konfransda bir daha çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və digər natiqlər Fuad Məmmədova, eləcə də yeni seçilən İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Yasamal Rayon Ağsaqqallar Şurasının yeni sədri Fuad Məmmədov öz adından və yeni seçilən üzvlər adından onlara göstərilən etimada görə hər kəsə öz minnətdarlığını ifadə edib. Təşkilatın fəaliyyətini bundan sonra da uğurla davam etdirməsi üçün bilik və təcrübələrini əsirgəməyəcəklərini bildirib.
