Zaqatala Rayon İcra Hakimiyyətində “Zaqatalada 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı” keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Milli Məclisin deputatı Asif Əsgərov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 9-cu ərazi sektorunun müdiri İlqar Süleymanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin nümayəndələri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, KİV və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev adına parkda Ulu Öndərin abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra rayonda istehsal olunan məhsullardan ibarət sərgi ilə tanış olublar.

Hesabat yığıncağı Zaqatala Rayon İcra Hakimiyyətinin konfrans zalında davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Şəfizadə bildirib ki, 2025-ci il ərzində rayonda 482 milyon 288 min manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz artım deməkdir. Məruzədə həmçinin əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, eləcə də vətəndaşların müraciət və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub.

Daha sonra məruzə ətrafında Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Vaqif Şabanov, Zaqatala Təhsil Sektorunun müdiri Kəmalə Əhmədova,Zaqatala bələdiyyəsinin sədri Nurəli Əhmədov və şəhid anası Tahirə Məmmədova çıxış edərək görülmüş işlər, mövcud problemlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüblər.
Yığıncaqda çıxış edən Milli Məclisin deputatı Asif Əsgərov 2025-ci ildə respublikamızda sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlərdən bəhs edib, rayonda qarşıda duran vəzifələrə dair fikir və tövsiyələrini bildiriblər.

Millət vəkili çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin bölgələrin, o cümlədən Zaqatala rayonunun dayanıqlı inkişafını təmin etdiyini vurğulayaraq, sosial rifahın yüksəldilməsi istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib.

Sonda çıxış edən Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 9-cu ərazi sektorunun müdiri İlqar Süleymanov ölkə başçısının apardığı uğurlu siyasət nəticəsində respublikamızda əldə olunan hərtərəfli inkişafdan danışıb, rayonda qarşıda duran vəzifələrlə bağlı konkret tapşırıq və tövsiyələrini verib.

Yığıncaqda 2025-ci ildə rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyət göstərmiş bir qrup şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə mükafatlandırılıb.

Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.