İsrailin Baş nazir aparatının rəhbəri və Böyük Britaniyaya səfir postuna namizəd olan Tsaxi Braverman hüuq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.

Bildirilir ki, dindirmə Almaniyanın "Bild" nəşrinə məxfi sənədlərin sızdırılması ilə bağlı aparılan istintaq çərçivəsində həyata keçirilib. Məlumata görə, 2024-cü ilin sentyabr ayında "Bild" qəzetində İsrail hərbi kəşfiyyatına məxsus, HƏMAS-ın girovlarla bağlı danışıqlardakı mövqeyini əks etdirən məxfi sənəd dərc olunub. Həmin material Baş nazir Benyamin Netanyahunun girovların azad edilməsinin yalnız hərbi təzyiqin artırılması ilə mümkün olduğu barədə ictimai açıqlamalarını əsaslandırıb.

İş üzrə artıq Baş nazir aparatının keçmiş mətbuat katibi Eli Feldşteyn həbs edilərək ittiham olunub. O da yenidən dindirilməyə çağırılıb.

Qeyd olunur ki, Feldşteyn ötən ayın sonunda KAN telekanalına verdiyi müsahibədə Netanyahunun məxfi sənədin ictimai rəyin formalaşdırılması məqsədilə istifadəsindən xəbərdar olduğunu və bu addımı dəstəklədiyini bildirib. Bu isə rəsmi mövqe ilə ziddiyyət təşkil edir. Feldşteyn həmçinin iddia edib ki, Tsaxi Braverman ona sızma ilə bağlı istintaqın “bağlanmasını” təklif edib. Onun sözlərinə görə, görüş Təl-Əvivdə “Kirya” hərbi qərargahının yeraltı dayanacağında baş tutub və Braverman ona istintaqın başladığını xəbərdarlıq edib.

"The Jerusalem Post" yazır ki, məxfi sənədlərin sızdırılması işi Netanyahunun bəzi köməkçilərinin, o cümlədən Feldşteynin, müharibə dövründə Qətərlə əlaqəli agentlərdən pul alaraq bəzi məlumatları yaymaqda ittiham olunur. Polis istintaqın böyük hissəsini artıq başa çatdıraraq materialları prokurorluğa təqdim edib.

Gülayə Mecid