Ali təhsil haqqında dövlət sənədlərinin dublikatının verilməsi qaydası təsdiqlənib.
"Unikal" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Qərara əsasən, bu qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv olduqda, diplomalanın müraciətinə əsasən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan diplomun dublikatı verilir.
Ərizəçi elektron kabinetinə daxil olaraq diplomun dublikatının verilməsi üçün elektron ərizəni doldurur, itirilmiş, korlanmış və ya məhv olmuş diplomla bağlı özündə olan və ya başqa mənbələrdən (o cümlədən təhsil müəssisəsindən) əldə edə bildiyi məlumatları daxil edir və ərizəni təsdiq edir.
Ərizəçi elektron kabinetində olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.
Elektron ərizə ərizəçi tərəfindən təsdiq edildikdən sonra məlumatların həqiqiliyi 3 (üç) iş günü müddətində yoxlanılır. Elektron kabinetə ərizə və ya sənədlərdə qeyridəqiqlik (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya uyğunsuzluq barədə məlumat göndərildikdən sonra ərizəçi 3 (üç) iş günü ərzində onların düzgünlüyünü təmin edib təkrar elektron ərizəni təsdiq etməlidir.
Diplomun dublikatı arxiv sənədləri (müəssisəyə qəbul və müəssisədən məzunolma barədə əmrlər, dövlət imtahan komissiyasının protokolu (yekun dövlət attestasiyası nəzərdə tutulduğu halda), təhsil sənədlərinin verilməsinin qeydiyyat kitabı) əsasında tərtib olunur.
Məlumatların həqiqiliyi yoxlanıldıqdan sonra 15 (on beş) iş günü ərzində müraciətə baxılaraq diplomun dublikatı hazırlanır və ərizəçinin elektron kabinetində yerləşdirilir.
Diplomun dublikatı bu Qaydanın 2.6-cı bəndinə uyğun olaraq (ali təhsil müəssisəsi yenidən təşkil edildiyi halda həmin müəssisənin hüquqi varisi olan ali təhsil müəssisəsinin, ləğv olunduğu halda isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisəsinin rəhbəri tərəfindən) təsdiq edilir.
İtirilmiş diplomun və diploma əlavənin əvəzinə arayışın verilməsi qadağandır.
