“Səhənd” mehmanxanasının restoranında Atilla İdman Birliyinin idmançıları, məşqçiləri və klubun yaxın dostlarının iştirakı ilə görüş keçirilib. Tədbirdə 2025-ci il ərzində əldə olunan uğurlar ətrafında fikir mübadiləsi aparılıb, klubun ölkə və beynəlxalq arenadakı fəaliyyəti yüksək qiymətləndirilib.

"Unikal" xəbər verir ki,  Avropa Cüdo İttifaqının (EJU) prezidenti Laslo Tot, Türkiyə Cüdo Federasiyasının başqanı Sezər Hüysuz, EJU-nun Hakimlər Komitəsinin direktoru Aleksander Yatskeviç, Sloveniya Cüdo Federasiyasının rəhbəri Borut Paxor, Norveçdən olan diplomat Göril Yohansen, Yaponiyanın cüdo üzrə professoru Toşixiko Yamada, Almaniya Cüdo Federasiyasının prezidenti Otto Kneitinger və digər qonaqlar “Atilla” İdman Klubunun dünya idmanında özünəməxsus yerə malik olduğunu vurğulayaraq, yeni təqvim ilində Azərbaycan cüdoçularına uğurlar arzulayıblar.
Tədbirdə çıxış edən Atilla İdman Birliyinin yaxın dostu, millət vəkili Asif Əsgərov klubun Azərbaycan idmanında xüsusi rolundan bəhs edib. O bildirib ki, “Atilla” klubu daim Azərbaycan idmanının döyünən ürəyi olub. Millət vəkili qeyd edib ki, bəzən cüdoçulara qarşı qısqanclıq halları müşahidə olunsa da, idmançılar öz yolları ilə inamla irəliləyir, çünki onlar artıq çətinliklərə sinə gəlməyi bacarırlar.

Sonda il ərzində öz əzmkarlığı və yüksək nəticələri ilə fərqlənən cüdoçular və məşqçilər millət vəkili Asif Əsgərov tərəfindən pul mükafatları ilə təltif olunub, onlara qarşıdakı yarışlarda yeni-yeni uğurlar arzulanıb.