"Müasir dövrdə baş verən siyasi, iqtisadi və geosiyasi proseslərin dinamikliyi dövlətlərin strateji baxışlarının cəmiyyətə aydın və sistemli şəkildə çatdırılmasını zəruri edir. Xüsusilə qlobal və regional dəyişikliklərin intensivləşdiyi bir mərhələdə ölkə rəhbərliyinin ictimaiyyətlə birbaşa ünsiyyəti dövlətimizin gələcək yol xəritəsinin formalaşmasında mühüm rol oynayır".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.
Parlamentari bildirib ki, bu baxımdan ilin əvvəlində Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə dövlət siyasətinin mahiyyətini, prioritetlərini və qarşıdakı dövr üçün müəyyənləşdirilən strateji hədəfləri əks etdirir.
"Dövlətimizin başçısının müsahibəsində vurğulanan məqamlardan biri 2025-ci ilin çox uğurlu və tarixi il kimi dəyərləndirilməsidir. Uzun illər davam edən Ermənistan–Azərbaycan qarşıdurmasının siyasi müstəvidə başa çatması regionda tamamilə yeni reallıqlar yaradıb. Sülh şəraitinə keçid həm daxili, həm də xarici siyasətdə mühüm nəticələr doğurub.
Prezident İlham Əliyevin müsahibəsində qeyd olunan istiqamətlərdən biri nəqliyyat və logistika məsələləridir. Müasir geosiyasi şəraitdə Mərkəzi Asiya ilə Qərb arasında etibarlı coğrafi xəttin formalaşmasında Azərbaycanın rolu artan dinamika ilə ön plana çıxır.
Nəqliyyat infrastrukturunun genişləndirilməsi, yeni investisiyaların cəlb olunması və Xəzər dənizi üzərindən enerji və rəqəmsal layihələrin icrası regional və qlobal inteqrasiyanı daha da gücləndirir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış enerji kabeli layihəsi, fiber-optik xətlərin çəkilməsi regionda geosiyasi və iqtisadi tarazlıqları dəyişən amillər sırasındadır.
2025-ci il həm də azad edilmiş ərazilərin beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi ilə yadda qalıb. Xankəndidə keçirilən ECO Zirvə Görüşü, Şuşa, Laçın və Ağdamda təşkil edilən biznes, gənclər və qadınlar forumları bu ərazilərin artıq beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrildiyini nümayiş etdirir. Mövcud infrastrukturun, müasir konfrans zallarının və mehmanxanaların bu cür tədbirlərə imkan verməsi bərpa və quruculuq prosesinin real nəticəsidir.
Dövlətimizin başçısının sözügedən müsahibəsində təhlükəsizlik məsələləri də xüsusi yer tutur. Ordu quruculuğunun fasiləsiz xarakter daşıması, əldə olunmuş hərbi uğurların arxayınlıq yaratmaması strateji yanaşmanın əsas göstəricisi kimi təqdim olunur. Türkiyə ilə müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıqla yanaşı, türk dövlətləri arasında təhlükəsizlik sahəsində koordinasiyanın genişləndirilməsi təşəbbüsü regional sabitliyə xidmət edən praqmatik təklif kimi səsləndirilir. Bu yanaşma hərbi blok yaratmaq deyil, mövcud əməkdaşlıq formatlarının təhlükəsizlik sahəsini də əhatə etməsi məqsədi daşıyır.
Çin ilə münasibətlər də müsahibənin mühüm istiqamətlərindən biridir. Son illər imzalanmış strateji və hərtərəfli strateji tərəfdaşlıq sənədləri ikitərəfli iqtisadi əlaqələrə ciddi impuls verib. İqtisadi sabitlik və maliyyə dayanıqlığı da dövlətimizin başçısının müsahibəsində təhlil olunur. Xarici borcun ÜDM-in 6 faizindən bir qədər çox səviyyədə olması tarixdə ən aşağı göstərici kimi dəyərləndirilir.
Bütövlükdə Azərbaycan Prezidentinin müsahibəsi 2025-ci ilin təkcə yekunların deyil, yeni mərhələnin başlanğıcı kimi dəyərləndirildiyini nümayiş etdirir. Sülh şəraiti, artan beynəlxalq fəallıq, iqtisadi və maliyyə sabitliyi, təhlükəsizlik sahəsində davamlı modernləşmə vahid dövlət siyasətinin əsas istiqamətləri kimi çıxış edir. Bu yanaşma qarşıdakı illərdə dayanıqlı inkişafın və beynəlxalq mövqelərin daha da möhkəmlənməsinin əsas təminatı olaraq mühüm önəm kəsb edir".
