"İlin əvvəlində Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibələr ictimai rəyin formalaşmasında və siyasi gündəmin şərhində xüsusi əhəmiyyət kəsb edir. Bu format ötən dövrün nəticələrinə ümumiləşdirilmiş baxış təqdim etməklə yanaşı, qarşıdakı mərhələdə əsas götürüləcək strateji istiqamətlərin, prioritetlərin və hədəflərin cəmiyyətə aydın şəkildə çatdırılmasına xidmət edir. Dövlətimizin başçısının 2025-ci ilin yekunlarına həsr olunmuş müsahibəsi bu baxımdan aktual siyasi proseslərin məzmununu əks etdirən mühüm analitik mənbə rolunu oynayır".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari bildirib ki, ötən ilin regional proseslərdə baş vermiş köklü dəyişikliklər nəticəsində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməsi xüsusilə diqqət çəkir:

"Uzun müddət davam edən Ermənistan–Azərbaycan qarşıdurması müxtəlif geosiyasi şəraitdə fərqli xarakter almışdır. Gərgin hərbi toqquşmalar, nisbi sabitlik dövrləri, genişmiqyaslı müharibə, həyata keçirilmiş təhlükəsizlik tədbirləri və ardınca başlanan keçid mərhələsi həmin prosesin təkamül yolunu müəyyən etmişdir. Bu ardıcıllığın yekunlaşması regionda yeni siyasi reallıqların formalaşmasına və sabitlik gündəliyinin ön plana çıxmasına zəmin yaratmışdır.

Ötən ilin avqustunda bu mərhələlərə siyasi müstəvidə yekun vurulması döyüş meydanında əldə olunmuş şanlı Qələbələrin beynəlxalq səviyyədə təsdiqlənməsi anlamına gəlir.  

Dövlətimizin başçısının sözügedən müsahibəsində vurğulanan istiqamətlərdən biri də hərbi potensialın gücləndirilməsi məsələsidir. Təhlükəsizlik mühiti daim dəyişir və bu şəraitdə güc amili, o cümlədən hərbi imkanların artırılması prioritet olaraq qalır. Türkiyə ilə mövcud olan rəsmi müttəfiqlik münasibətləri, o cümlədən qarşılıqlı hərbi yardım mexanizmləri bu siyasətin mühüm dayaqlarındandır. Eyni zamanda, türk dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi ideyası irəli sürülür. Həmin yanaşma müasir dövrdə bu kimi amillərin bütün dövlətlər üçün prioritet məsələ olduğunu nəzərə alaraq formalaşdırılıb və hazırda diplomatik kanallar vasitəsilə müzakirə mərhələsindədir.

Müsahibədə digər mövzulardan biri Çin Xalq Respublikası ilə münasibətlərdir. Azərbaycan Cənubi Qafqaz məkanında bu ölkə üçün məhz əsas prioritet tərəfdaşdır.  

Çinlə münasibətlər çərçivəsində diqqət çəkən yeni istiqamətlərdən biri də hərbi-texniki əməkdaşlıqdır. Bu sahədə əldə olunmuş siyasi razılaşmalar artıq ilkin mərhələdən praktik mərhələyə keçidi göstərir. Hərbi paradda nümayiş etdirilən elementlər sözügedən əməkdaşlığın yalnız başlanğıcıdır. Əsas məqsəd təkcə hərbi texnikanın əldə edilməsi deyil, eyni zamanda müştərək istehsal müəssisələrinin yaradılmasıdır. Bu layihələr strateji xarakter daşıyır, böyük potensiala malikdir. Yaxın perspektivdə yeni müqavilələrin və real layihələrin icrasının şahidi olacağıq.

Dövlətimizin başçısının müsahibəsində maliyyə dayanıqlığı məsələsinə də diqqət yetirilir. Ehtiyatların xarici borcu dəfələrlə üstələməsi iqtisadi sabitliyin əsas göstəricilərindən biri kimi təqdim olunur. Vaşinqtonda paraflanmış sülh sazişi xüsusilə xarici investisiyalar, o cümlədən ABŞ-dan gələn sərmayələr üçün yeni imkanlar yaradır. Eyni zamanda, qarşılıqlı investisiya siyasətində də yeni mərhələ başlayır. İndiyədək əsasən qiymətli kağızlara yönəlmiş sərmayələr bundan sonra real iqtisadiyyatın layihələrinə istiqamətləndirilə bilər. Elektrik enerjisi ehtiyatlarının mövcudluğu həmin layihələrin reallaşması üçün ciddi üstünlük təşkil edir. 

Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə ABŞ-la Strateji İşçi Qrupunun yaradılması beynəlxalq müstəvidə güclü siyasi siqnal kimi qəbul olunur. Bu addımdan sonra bir sıra Avropa ölkələrinin də analoji əməkdaşlıq təşəbbüsləri ilə çıxış etməsi həmin yanaşmanın təsir dairəsini göstərir. Artıq onlarla ölkə ilə strateji tərəfdaşlıq sənədlərinin imzalanması balanslaşdırılmış və çoxşaxəli xarici siyasətin nəticəsidir. Vaşinqtondan gələn mesaj isə bu siyasətin beynəlxalq güclər tərəfindən müsbət qarşılandığını təsdiqləyir.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə yeni mərhələnin siyasi-iqtisadi və təhlükəsizlik konturlarını müəyyənləşdirən konseptual çıxış kimi dəyərləndirilir. Sülh mühiti, gücləndirilən potensial, artan beynəlxalq tərəfdaşlıqlar və texnoloji hədəflər göstərir ki, qarşıdakı dövr uzunmüddətli strateji planlar üzərində qurulub".