Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib.

"Unikal" xəbər verir ki, Müşahidə Şurasında təmsil olunan qurumlar - Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Milli QHT Forumu, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi artıq nümayəndələrini təqdim edib. Yeni tərkib aşağıdakı şəxslərdən formalaşıb:

1) Elşad Məmmədli - Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi;

2) Zaman Hüseynov - Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri vəzifələrini müvəqqəti icra edən;

3) Elnarə Ənsari - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru;

4) Fuad Məmmədov - “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri;

5) Rizvan Nəbiyev - “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin İdarə Heyətinin üzvü;

6) Xatirə Vəliyeva - Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü;

7) Fizzə Mirzəyeva - “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü;

İclasda bildirilib ki, Prezident İlham Əliyevin 29 dekabr 2025-ci il tarixli Fərmanına əsasən, Şuranın 4 üzvü vətəndaş cəmiyyəti institutlarının, digər 3 üzvü isə dövlət orqanlarının nümayəndələrindən təyin edilir. Şuranın sədri Şura üzvü olan vətəndaş cəmiyyəti institutlarının nümayəndələri sırasından 4 il müddətinə seçilir. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir. 

Müşahidə Şurasının üzvləri “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri, tarix elmləri doktoru, professor Fuad Məmmədovu Müşahidə Şurasına sədr seçib.

Fuad Məmmədov bildirib ki, artıq Agentliyin “İcraçı direktoru” vəzifəsi ləğv edilib, əvəzində 3 üzvdən - sədr və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılıb. Daha sonra Şura Agentliyin İdarə Heyətini formalaşdırıb.

Müşahidə Şurası Aygün Əliyevanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, Emil Çaparlı və Elnur Bağırlını isə İdarə Heyəti sədrinin müavinləri təyin edib.

Qeyd edək ki, QHT Agentliyi Müşahidə Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyev idi. O, dövlət başçısının 30 dekabr 2025-ci il tarixli sərəncamına əsasən, Müşahidə Şurasının yeni tərkibinə daxil edilməyib.