Bu gün repressiya qurbanı olan böyük şairimiz Mikayıl Müşfiqin anım günüdür.
"Unikal" xatırladır ki, bu gün görkəmli şair Mikayıl Müşfiqin amansızcasına güllələnməsindən 88 il ötür.
Mikayıl 5 iyun 1908-ci ildə doğulub. Atası Mirzə Əbdülqadir İsmayılzadə dövrünün tanınmış ziyalılarından olub.
Uşaq olan zaman ata-anasını itirən Müşfiq, Xızıdakı qohumu Səfiyyə xanımın himayəsində böyüyüb. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub. 1927-1931-ci illərdə Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsində təhsil alıb.
1933-cü ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub.

Mikayıl Müşfiq və Dilbər Axundzadənin evlilik haqqında şəhadətnaməsi. 20.06.1933.
Əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Bakı orta məktəblərində yeddi il müəllimlik edib. Son iş yeri indi onun adını daşıyan 18 saylı Bakı şəhər orta məktəbi olub.
Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeiri ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. İlk kitabı - "Küləklər" 1930-cu ildə nəşr olunub.
Müşfiq Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rol oynayıb.
Şair bədii tərcümə ilə də ciddi məşğul olub. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilib.
Şair 1938-ci il 5 yanvarda məhkəmə qarşısına çıxarılıb. Onun "məhkəmə"si cəmi 20 dəqiqə davam edib.
Müşfiq qərardan bir gün sonra, 6 yanvarda 29 yaşında güllələnib.
Şairin "Yenə o bağ olaydı", "Oxu, tar" və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.
Ağarza Elçinoğlu
