2026-cı il yanvarın 1-dən etibarən Rusiya "Çoxqütblü Dünyada Kollektiv Təhlükəsizlik: Ümumi Məqsəd, Ümumi Məsuliyyət" devizi altında həyata keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi öz üzərinə götürüb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlayıb. 

O, Rusiyanın KTMT-də sədrliyinin başlanması ilə bağlı mesajında ​​bildirib: ""KTMT çərçivəsində müttəfiqlərimizlə birlikdə beynəlxalq təhlükəsizlik problemlərinin həllinə dair ortaq yanaşmalarımızı müdafiə etmək üçün qüvvələrimizi birləşdiririk. Təşkilatın fundamental sənədlərində dövlətlərin dinc yanaşı yaşaması, siyasi və diplomatik həllin prioriteti və BMT-nin aparıcı rol oynadığı beynəlxalq hüquq normalarına riayət olunması prinsipləri təsbit olunub. Məhz bu əsasda tərəfdaşlarımıza qarşılıqlı faydalı əlaqələr qurmağı, Avrasiya ərazisində bərabər və bölünməz təhlükəsizliyin gələcək arxitekturasının konturlarının hazırlanması prosesində fəal iştirak etməyi təklif edirik. KTMT onun sütunlarından birinə çevrilə bilər. Biz istərdik ki, Avrasiya dövlətləri təhlükəsizlik məsələlərinin həlli üçün məsuliyyət daşısınlar və xarici müdaxilə olmadan qitənin gələcəyini özləri müəyyən etsinlər.

Səylərimiz Təşkilatın əsas missiyasına yönəldiləcək: məsuliyyət zonasında sülh və sabitliyin qorunması, KTMT üzv dövlətlərinin təhlükəsiz inkişafı və çiçəklənməsi üçün əlverişli şəraitin təmin edilməsi. Heç kim şübhə etməməlidir ki, biz ümumi evimizdə xaosa yol verməyəcəyik".

XİN rəhbəri qeyd edib ki, təşkilatın güc komponentinin inkişafına böyük əhəmiyyət verilir: "KTMT Kollektiv Qüvvələrinin döyüş potensialının gücləndirilməsinə, onların müasir və uyğun silah və avadanlıqlarla təchiz edilməsinə xüsusi diqqət yetirilməsi planlaşdırılır. İş müasir silahlı münaqişələrin təcrübəsi nəzərə alınmaqla, mövcud və perspektivli çağırışların xarakterinə uyğun olaraq qurulacaq. Bioloji təhdidlərdən qorunma məsələlərinə, eləcə də informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirəcəyik. Bizim əsas istiqamətlərimiz hərbi sektorda texnoloji liderliyin təmin edilməsi, KTMT ölkələrinin müdafiə-sənaye komplekslərinin inkişafı və onların qarşılıqlı əlaqəsi, innovativ potensialın reallaşdırılmasıdır". 

Ağarza Elçinoğlu