Şamaxı Rayon İcra Hakimiyyəti, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Şamaxı Rayon Mərkəzi Xəstəxanası arasında TƏBİB-in “Mentor Klinika” layihəsi çərçivəsində birgə əməkdaşlığa dair “Əməkdaşlıq Memorandumu” imzalanıb.
"Unikal" xəbər verir ki, bu sənədin imzalanması ilə Respublika Klinik Xəstəxanasının 60 həkimi Şamaxı Rayon Mərkəzi Xəstəxanasında növbəlilik əsasında 1 il ərzində fəaliyyət göstərəcək.
Təhkim olunan həkimlər kadr çatışmazlığı müşahidə olunan travmatoloq, cərrah, neonatoloq, anestezioloq-reanimatoloq, şüa-diaqnostika üzrə həkim, ailə həkimi, terapevt və mama-ginekoloq ixtisaslarını əhatə edəcək.
Azərbaycan Səhiyyə işçilıri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Pilot layihəsi çərçivəsində ezam olunan həkimlərin sosial rifahının təmin olunması istiqamətində işlər aparılması nəzərdə tutulur.
Tədbirdən öncə nümayəndə heyəti Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşüb. Görüş zamanı Şamaxı rayonunda səhiyyə sahəsində görülən işlər, perspektivlər və mövcud çətinliklər müzakirə olunub. Həmçinin “Mentor Klinika” layihəsinin əhəmiyyəti barədə İcra Hakimiyyəti başçısına ətraflı məlumat verilib və göstərilən dəstəyə görə təşəkkür edilib.
Daha sonra baş tutan tədbirdə TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov və Anar İsrafilov, Milli Məclisin deputatı Tamam Cəfərova, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Muradlı, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova, TƏBİB-in Hüquq departamentinin rəhbəri Aynur Hüseynova, İnsan resursları departamentinin İşə qəbul şöbəsinin müdiri Nəzrin Bayramova, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev, Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov çıxış ediblər.
