Ağstafa Rayon Heydər Əliyev Mərkəzində təşkil olunan ümumrayon tədbirində RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, şəhid ailələrinin üzvləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları ilk növbədə müstəqilliyimizin xilaskarı, müasir suveren Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ümummilli Liderin əziz xatirəsinə böyük ehtiramlarını ifadə ediblər.

Mərkəzin böyük akt zalında davam etdirilən tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı, suverenliyi naminə şəhid olmuş Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. 

Sonra Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan, zəngin və çoxşaxəli irsindən, Vətən uğrunda göstərdiyi fədakar fəaliyyətindən bəhs edən filmə tamaşa olunub.

Ümumrayon tədbirini giriş nitqi ilə açan Seymur Orucov bildirib ki, Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, hər il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünü hər bir azərbaycanlı ölkəmizdə və onun hüdudlarından kənarda yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd edir. Vətənini daim zirvələrdə görmək istəyən və buna nail olan Ulu Öndər elə möhkəm təməl yaradıb ki, bu gün o təməlin üzərində möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha möhtəşəm uğurlara, zəfərlərə imza atır. Suverenliyimizin tam bərpası Azərbaycanın müstəqillik tarixini daha da zənginləşdirdi, dünya miqyasında daha uca zirvələrə yüksəltdi, xalqımıza neçə illərdir həsrətində olduğu sülh və əminəmanlıq, firəvanlıq sevincini bəxş etdi. Bu gün hər bir azərbaycanlı əminliklə söyləyir ki, Ümummilli Liderin və şəhidlərimizin ruhları şaddır.

Digər çıxış edənlər, YAP Ağstafa rayon Təşkilatının sədri Etibar Hacıyev, Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev, mədəniyyət nümayəndəsi Oruc Mansırov, təhsil işçisi Nahidə Həsənova, “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in şöbə müdiri Həcər Namazova, 

Dağ Kəsəmən kənd  2 nömrəli tam orta məktəbin direktoru Vüsal Həsənov, Vətənini, torpağını, xalqını canından artıq sevən, Ulu Öndərin zəngin həyat və fəaliyyətindən bəhs ediblər.

Ümumrayon tədbirinin bədii hissəsində istedadlı yeniyetmə və gənclərin, yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş, eləcə də vətənpərvərlik ruhunda musiqilər ifa olunub, şeir kompozisiyaları nümayiş etdirilib.

Tədbirdə rayonun ictimai-siyasi fəaliyyətində fərqlənənlər Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub, bir qrup şəxsə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub, eyni zamanda, müəllimlər arasında keçirilmiş “Şəhərsalma və Memarlıq ili”nə həsr olunmuş intellektual bilik yarışının qalib komandaları mükafatlandırılıb.