Sosial şəbəkələrdə bəzi ölkələrin səfirliklərinə məxsus xidməti avtomobillərin yol hərəkəti qaydalarını pozması ilə bağlı görüntülər yayılıb. 

DİN-in Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, Azərbaycan Respublikasının yol hərəkəti qaydaları ərazidə hərəkətdə olan bütün nəqliyyat vasitələrinə, istər fiziki şəxslərə, istərsə də diplomatik nümayəndəliklərin xidməti avtomobillərinə istisnasız olaraq şamil olunur.

Qayda pozuntuları ilə bağlı müvafiq sənədləşmə aparılaraq məlumat aidiyyəti üzrə təqdim olunur.

*** 17:12

Bakıda səfirlik avtomobilinin avtobus dayanacağı və velosiped zolağında qaydaları pozmasına dair foto yayılıb.

"Unikal" xəbər verir ki, fotonu sosial şəbəkədə teleaparıcı İlkin Həsəni paylaşıb.

O, fotonu “Yeni “mikrodiplomatiklik” zolaqları” başlığı ilə təqdim edib.

Qeyd edək ki, qaydaları pozan avtomobilin Böyük Britaniya səfirliyinə məxsus olduğu bildirilir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, avtobus dayanacağı və velosiped zolağını zəbt edən avtomobil sahibləri cərimə olunurlar.