Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgilərinə baxış keçirib. 

"Unikal" xəbər verir ki, baxış zamanı sərgi pavilyonlarında kənd təsərrüfatı, qida sənayesi, aqrar texnologiyalar, suvarma sistemləri, kənd təsərrüfatı texnikaları və emal sənayesi sahələrində fəaliyyət göstərən yerli və xarici şirkətlərin stendləri ziyarət edilib. Təqdim olunan innovativ məhsullar, müasir texnologiyalar və yeni xidmətlər barədə ətraflı məlumat verilib.
Ziyarətçilər Kənd Təsərrüfatı Nazirliyinin geniş və çoxşaxəli konsepsiya əsasında hazırlanmış stendində də olub. Burada aqrar sahədə innovasiya və rəqəmsal transformasiya istiqamətində həyata keçirilən layihələrə xüsusi yer ayrılıb. Stenddə aqrar sahədə dövlət dəstəyi, innovasiya, elm, startap ekosistemi və özəl sektor əməkdaşlığını vahid platformada birləşdirərək ziyarətçilər üçün geniş məlumatlandırma və əməkdaşlıq imkanları yaradıb. 
Sərgidə aqrar startapçılar və müxtəlif universitetlərin tələbələri “Aqrar sahədə süni zəka”, “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihələri çərçivəsində innovativ həllər, texnoloji məhsullar və prototipləri ilə çıxış ediblər. Nümayiş olunan innovativ həllər arasında ağıllı kənd təsərrüfatı texnologiyaları, rəqəmsal monitorinq sistemləri, avtomatlaşdırılmış idarəetmə həlləri və məhsuldarlığın artırılmasına yönəlmiş texnoloji yanaşmalar yer alıb. 
Sərgidə un məmulatları və şokoladdan hazırlanmış əl işlərinə də baxış keçirilib. Qeyd olunub ki, Azərbaycan və Belarusdan olan kulinar mütəxəssislər tərəfindən hazırlanmış 18 miniatür əl işi kənd təsərrüfatı mövzusuna həsr olunub. Bu əl işlərindən ən tezi iki həftəyə, ən geci 3 aya hazırlanıb. 
“Caspian Agro” və “InterFood Azerbaijan” regionun aqrar və qida sənayesi sahəsində ən nüfuzlu tədbirlərindən biri hesab edilir. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri hər il dünyanın müxtəlif ölkələrindən yüzlərlə şirkət, investor və mütəxəssisi bir araya gətirərək aqrar və qida sənayesi sahəsində yeni əməkdaşlıq platforması rolunu oynayır.
Baxış zamanı aqrar sahədə innovasiyaların tətbiqi, ərzaq təhlükəsizliyinin təmin olunması, məhsuldarlığın artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Sərgilərin kənd təsərrüfatı və qida sənayesinin inkişafına, həmçinin yerli istehsalçıların beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verdiyi vurğulanıb. Görüşlər zamanı aqrar sektorun inkişafı, müasir texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.