Mingəçevir Dövlət Universiteti ali təhsil sahəsində innovasiya, tələbəyönümlü yanaşma və sahibkarlıq ekosisteminin inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətlərlə beynəlxalq səviyyədə mühüm uğura imza atıb.
"Unikal" xəbər verir ki, nüfuzlu “World University Rankings for Innovation” (WURI) 2026 beynəlxalq innovasiya reytinqinin nəticələrinə əsasən MDU iki mühüm kateqoriya üzrə dünyanın “Top 100” universitetləri sırasında yer alıb. Bununla yanaşı, Mingəçevir Dövlət Universiteti bu reytinqdə nəticə əldə edən Azərbaycandan yeganə ali təhsil müəssisəsi olub.
Belə ki, universitet:
• WURI 2026 – Sahibkarlıq Mədəniyyəti və Ekosistemi (A4) kateqoriyası üzrə isə 73-cü yerə layiq görülüb.
• WURI 2026 – Tələbə Dəstəyi və Tələbə İştirakı (A1) kateqoriyası üzrə dünyanın ən yaxşı universitetləri arasında 87-ci yerə;
Əldə olunan nəticələr universitetdə tələbə dəstəyi və iştirakçılıq mexanizmlərinin gücləndirilməsi, innovasiya və startap ekosisteminin inkişafı, sahibkarlıq mədəniyyətinin təşviqi, tələbəyönümlü idarəetmə modelinin tətbiqi və sosial təsir yaradan təşəbbüslərin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.
Son illərdə MDU-da həyata keçirilən yaşıl kampus təşəbbüsləri, dayanıqlı inkişaf layihələri, tələbə innovasiya proqramları, sosial məsuliyyət fəaliyyətləri və beynəlxalq əməkdaşlıqlar universitetin qlobal innovasiya məkanındakı mövqeyini daha da gücləndirib.
Qeyd edək ki, WURI reytinqi universitetləri yalnız ənənəvi akademik göstəricilər üzrə deyil, həmçinin innovativ idarəetmə, sosial təsir, sənaye əməkdaşlığı, sahibkarlıq ekosistemi və dayanıqlı inkişaf istiqamətləri üzrə qiymətləndirən nüfuzlu beynəlxalq reytinq platformalarından biridir.















































