Mayın 10-da müasir Azərbaycan dövlətinin qurucusu, mədəniyyətimizin böyük himayədarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü tamam olur.
"Unikal" xəbər verir ki, bu münasibətlə mayın 8-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri” mövzusunda tədbir keçirilib.
Əvvəlcə mədəniyyət naziri Adil Kərimli, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, nazirliyin məsul əməkdaşları, tanınmış elm, mədəniyyət xadimləri və digər şəxslər Ümummilli Liderin Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mədəniyyət naziri Adil Kərimli açılış nitqində bildirib ki, müasir dövlətçiliyimizin əsasını qoyan Ulu Öndər Heydər Əliyev Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlər sistemini öz dövlətçilik fəlsəfəsinin və idarəetmə strategiyasının daim mərkəzində saxlayıb. Ümummilli Lider siyasi fəaliyyətinin hər iki mərhələsində Azərbaycan mədəniyyətini milli kimliyimizin qorunmasının əsas mexanizmlərindən biri kimi qiymətləndirib, mədəniyyət dəyərlərini dövlətçiliyimizin inkişafında və milli dəyərlərimizin möhkəmləndirilməsində aparıcı xəttə çevirib.
Qeyd olunub ki, Ümummilli Lider müstəqil respublikamıza rəhbərliyi dövründə də mədəniyyətin, ədəbiyyatın inkişafını diqqətdə saxlayıb. “Ulu Öndər yaxşı bilirdi ki, milli dəyərlərin daşıyıcıları məhz ziyalılar, sənət adamları, yaradıcı şəxslərdir. Onlara göstərilən diqqət və qayğı əslində milli ruhun qorunmasına xidmət edirdi. Heydər Əliyev daim ədəbiyyat və incəsənət aləmi ilə sıx təmasda olur, tamaşa premyeralarından tutmuş, konsert və sərgi açılışlarınadək bir çox mədəni tədbirlərdə şəxsən iştirak edirdi”, – deyə nazir bildirib.
Adil Kərimli vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da zənginləşdirilir. Ölkə Prezidenti tərəfindən mədəniyyətimizin müxtəlif sahələri – teatr, kino, musiqi, təsviri və tətbiqi sənət, tarixi-mədəni irsin qorunması, bərpası, kitabxana, muzey işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları, çoxsaylı fərman və sərəncamların imzalanması bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük qayğı var. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən mədəni-mənəvi dəyərlərimizin qorunması və təbliği ilə bağlı tarixi bir missiya reallaşdırılır: “Bu gün cənab Prezidentin liderliyində mədəniyyət sahəsində aparılan sistemli islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Möhtərəm Prezident İlham Əliyev müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının həyata keçirilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlərə başlanılmışdır. Yeni Mədəniyyət Konsepsiyası məhz Ulu Öndər Heydər Əliyevin ideoloji xəttinin davamıdır. Bu konsepsiya qloballaşan dünyada milli-mənəvi dəyərlərimizin qorunması və inkişafını təmin edən uzunmüddətli strateji baxışı özündə əks etdirir və gələcək nəsillər üçün etibarlı mədəni zəmin yaradır”.
Nazir vurğulayıb ki, Heydər Əliyevin mədəniyyət siyasəti yalnız bir dövrü əhatə edən yanaşma deyil, uzunmüddətli strateji baxışdır. Bu baxış bu gün də yaşayır, inkişaf edir və gələcəyə doğru istiqamət verir.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə tarix elmləri doktoru, ictimai-siyasi xadim Həsən Həsənov, tarix elmləri doktoru İradə Hüseynova, Heydər Əliyev Mərkəzi Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Mehparə Fətullayeva və kulturoloq, tarix elmləri doktoru Fuad Məmmədovun çıxışları dinlənilib. Çıxışlarda dahi siyasətçinin mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı əbədiyaşar xidmətlərindən bəhs olunub.
Daha sonra Heydər Əliyev mərkəzlərinin fəaliyyətinin icmalını əks etdirən videoçarx təqdim olunub və mərkəzlərin bir qrup əməkdaşı təltif edilib.
Sonda Ümummilli Liderin sevdiyi mahnılardan ibarət konsert proqramı təqdim olunub.



















































