Nəsimi rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş dövlət qurumları arasında minifutbol turniri başa çatıb.

"Unikal" xəbər verir ki, turnir Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının, Nəsimi Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib. Yarışda rayon ərazisində fəaliyyət göstərən 9 dövlət qurumunun komandası iştirak edərək birincilik uğrunda mübarizə aparıb.

Beynəlxalq Minifutbol Federasiyasının qaydalarına uyğun təşkil olunan yarışın nəticələrinə əsasən, I yerə Azərbaycan Dillər Universitetinin (ADU) komandası, II yerə Mənzil-Kommunal Təsərrüfatı Birliyinin qazilərdən ibarət komandası, III yerə isə Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) komandası layiq görülüb.

Turnirin bağlanış mərasimində YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva və Bakı Şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi Sirac Axundov çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Çıxışlarda qeyd olunub ki, bu cür idman tədbirləri dövlət qurumları arasında əməkdaşlığın möhkəmləndirilməsinə, sağlam rəqabət mühitinin formalaşmasına, həmçinin gənclər arasında sağlam həyat tərzinin təşviqinə mühüm töhfə verir.

Sonda qalib komandalara kubok, medal və diplomlar təqdim olunub, turnirdə fəallıq göstərən bütün iştirakçı komandalara isə təşəkkürnamələr verilib.