Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, rayonumuzun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələrinin, şəhid ailələrinin, qazilərin, ziyalıların, idarə, müəssisə və təşkilat nümayəndələrinin iştirak etdiyi tədbirdə Ulu Öndərin əziz xatirəsi böyük ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad olunub.

"Unikal" xəbər verir ki, tədbir başlamazdan əvvəl Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən rəsm əsərləri ilə tanış olunub.

Mədəniyyət Mərkəzində davam edən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub. Daha sonra Ümummilli Liderin şərəfli həyat yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin zəngin və şərəfli həyat yolu, çoxşaxəli siyasi fəaliyyəti və xilaskarlıq missiyasından ətraflı danışıb. Qeyd olunub ki, dahi rəhbərin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rayon rəhbəri həmçinin Ulu Öndərin 103-cü ildönümü münasibətilə Beyləqan rayonunda keçirilən silsilə tədbirlərdən bəhs edib, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsində Heydər Əliyev irsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov çıxışında qeyd edib ki, Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əvəzsiz xidmətlər göstərmiş böyük siyasi liderdir. Bildirilib ki, Ulu Öndərin xalqına bağlılığı, dövlətçilik prinsipləri və milli maraqlara söykənən siyasəti bu gün də hər bir azərbaycanlı üçün örnəkdir.

Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və rayon ziyalısı İfrat Məhərrəmov çıxışlarında Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, ölkəmizin inkişafı və dövlət müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tarixi fəaliyyətindən bəhs edərək, Heydər Əliyev ideyalarının daim yaşayacağını bildiriblər.

Rəsmi çıxışlardan sonra tədbir rayonun və respublikamızın tanınmış incəsənət nümayəndələrinin hazırladığı konsert proqramı ilə davam edib. Mədəniyyət Mərkəzinin peşəkar musiqi ansamblının müşayiəti ilə Beynəlxalq Muğam Festivalının qalibi, Opera və Balet Teatrının solisti Mirəli Sarızadə, 5-ci Muğam Müsabiqəsinin qalibi və Milli Operanın solisti Məhəbbət Səfərov, “Xalqın səsi” televiziya müsabiqəsinin qalibi İxtiyar Qurbanov, bölgəmizin sevilən ifaçıları Səxavət Səfərov və İlqar Təhməzov, xanım müğənni Günel Məmmədli, həmçinin Ağcabədi rayon Uşaq İncəsənət Məktəbinin müəllimi Həsən Əliyevin çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Konsert proqramında, eyni zamanda Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi Məktəbinin şagirdləri İxtiyar Şirinli, Murad Quluzadə və Dəniz Tağıyeva da ifa edərək tədbirə xüsusi rəng qatıblar.

Tədbir “Qarabağ” şikəstəsinin möhtəşəm sədaları altında yekunlaşıb. Konsert proqramı iştirakçılarda yüksək qürur və vətənpərvərlik hissləri yaradaraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi naminə həyata keçirdiyi misilsiz xidmətlərin xalqımızın yaddaşında əbədi yaşayacağını bir daha nümayiş etdirib.

Beyləqanda Heydər Əliyevin 103 illiyi təntənəli qeyd edildi - FOTOLAR