27 sentyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhəri, II Fəxri Xiyabanda və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən Şəhidlərin abidə kompleksinin 27 Sentyabr-Anım Gününün 5-ci ildönümü ilə əlaqədar Vətən Müharibəsi şəhidlərinin, həmçinin Vətən müharibəsinin ilk şəhidlərindən olan 2020-ci il sentyabrın 27-də şəhid olmuş Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Qasımov Faiq Qaçay oğlunun anım günü ilə əlaqədar tədbirlər keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələrinin işçiləri, məktəblərin kollektivləri, məktəblilər, Şəhidlərimizin ailə üzvləri, yaxınları, qazilər, ziyalılar eyni zamanda ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbir iştirakçıları Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən Şəhidlərin abidə kompleksində torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

27 Sentyabr-Anım Gününün 5-ci ildönümü ilə əlaqədar Vətən Müharibəsi şəhidlərinin, həmçinin Vətən müharibəsinin ilk şəhidlərindən olan 2020-ci il sentyabrın 27-də şəhid olmuş Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Qasımov Faiq Qaçay oğlunun məzarları ziyarət olundu, məzarları üzərinə gül dəstələri  qoyuldu, dualar oxundu.

Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Qasımov Faiq Qaçay oğlunun adını daşıyan Mahmudlu kənd tam orta məktəbinin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.

Vətən müharibəsinin ilk şəhidlərindən olan Qubadlı rayon Qayalı kənd sakini Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Qasımov Faiq Qaçay oğlu 2020-ci il sentyabrın 27-də “Ohanyan səddi”ni ilk yaran hərbçilərimizdən olub və rəhbərlik etdiyi qrupu ilə birgə Füzuli rayonu ərazisində düşmənin bir neçə post və səngərini dağıdaraq 300-ə yaxın düşmən əsgərini və zabitini məhv edərək, qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə şəhid polkovnik-leytenant Qasımov Faiq Qaçay oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. 

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək qeyd etdi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr-Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhidlərimizin ruhlarına, şəhidlərimizin doğmalarına ali ehtiramın göstəricisidir. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. 

Tədbirlərdə qeyd olundu ki, 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu da 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox yaralı öz adlarını tarixə yazdılar. 275 nəfər könüllü olaraq Vətən Müharibəsində iştirak etmişdir. Həmçinin rayonumuzdan olan 100-dən çox Vətən Müharibəsi iştirakçısı Ölkə Başçısının Sərəncamı ilə orden və medallarla təltif olunmuşdur.

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.  Bu Qələbə tarixdə əbədi qalacaq. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.