Şəhid Asəf Nəsibovun ailəsində xoş gündür.
"Unikal" xəbər verir ki, şəhidimizin qardaşı Nəsibov Asif Səfəralı oğlu ailə həyatı qurur.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhid qardaşının xoş günündə onun və ailəsinin yanında olub. İcra aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhidimizin atası Səfəralı Nəsibova gözaydınlığı verən rayon rəhbəri səmimi ürək sözlərini, xoş arzularını səsləndirib. Şəhid qardaşının toyunda iştirak edənlərə razılığını ifadə edib. İcra başçısı şəhidimizin qardaşını ailə həyatı qurması münasibətilə təbrik edib, ona yenicə qədəm qoyduqları həyatlarında xoşbəxtlik, ailə səadəti arzulayıb. Qeyd olunub ki, şanlı Azərbaycan Ordusu tərəfindən Vətən uğrunda canından keçən şəhidlərimizin, eləcə də Asəf kimi qəhrəmanımızın qisası alındı, igid Vətən oğullarının qanları yerdə qalmadı. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında qürur dolu anlar bəxş edən oğullarımız, qəhrəmanlarımız heç vaxt unudulmayacaq. Asəf Nəsibov kimi oğullarımız hər zaman xalqımızın qürur və fəxr yeri olacaq. Vurğulanıb ki, Asəf 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq nümayiş etdirdi, şücaəti ilə adını tarixə yazdı. Bu igidlik, qəhrəmanlıq yetişməkdə olan gələcək nəsillərə bir örnək və məktəbdir.
Şəhid atası Səfəralı Nəsibov şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Övladının xoş günündə onların yanında olan rayon rəhbərliyinə ailəsi adından təşəkkür edib. Bugünkü gündə rayon rəhbərinin onların yanında olmasını dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirib.
Şəhid Asəf Nəsibov 25 fevral 1994-cü ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 2000-ci ildə Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2011-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya mühəndisliyi fakültəsinə qəbul olmuş, 2015-ci ildə həmin universiteti bitirmişdir. 25.07.2015-ci ildən 23.07.2016-cı ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra 10.09.2016-cı ildən 13.09.2017-ci ilədək Bakı Şəhər Xəzər Firmasında xəritə mühəndisi vəzifəsində işləmişdir. 14.09.2017-ci ildən 01.05.2018-ci ilədək Qazax rayon Yol İstismar İdarəsində kiçik mühəndis olaraq işləmişdir. 01.05.2018-ci ildən 12.11.2018-ci ilədək fərdi əməklə məşğul olmuşdur. 12.11.2018-ci ildən 28.09.2020-ci il tarixədək İqtisadiyyat Nazirliyi tabeliyində “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də baş-mütəxəssis olaraq işləmişdir. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 29-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur.
O, 2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş, Murovdağ yüksəkliyinin alınması uğrunda gedən döyüşlərə qatılmışdır. Asəf Nəsibov Cəbrayılın, Qubadlının, Xocavəndin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.
“N” saylı hərbi hissənin 3-cü taborun 7-ci bölüyün 2-ci tağımın 2-ci manqasının heyət nəfəri-atıcısı əsgər Asəf Nəsibov 28.10.2020-ci il tarixdə Laçın rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 31.10.2020-ci ildə doğulub boya-başa çatdığı Qaymaqlı kənd qəbiristanlığında izdihamla dəfn olunub. O, nişanlı idi.
Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Asəf Nəsibov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.












.jpg)














.jpeg)

.jpeg)

























