"1993-cü ildə Heydər Əliyev Ali Sovetin sədri ikən prezidentliyə namizəd idi. Bu ərəfədə mənə xəbər gəldi ki, onun portret şəkillərini çəkmək lazımdır. Düzü, mən bir az çəkindim, razılıq vermədim. Çünki bu çox böyük məsuliyyət idi. Mən özümü peşəkar fotoqraf saymırdım. Heydər Əliyev kimi dünya şöhrətli bir siyasətçinin şəkillərini çəkməyə özümü hazır hesab eləmirdim. Amma bir xeyli tərəddüddən, götür-qoydan sonra dəvəti qəbul elədim və özümlə bir nəfər peşəkar fotoqraf da aparmağa qərar verdim".
"Unikal" xəbər verir ki, bu sözləri "Report"a müsahibəsində Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov deyib.
O bildirib ki, Ulu öndər şəkillərinə xüsusi həssaslıqla yanaşıb.
"Lyova Şvarst adlı fotoqrafla getdik, haradasa, iki saatdan çox çəkiliş apardıq. O vaxt fotoqrafiya ilə bağlı imkanlar başqa idi, şəkillərin çıxarılması əməlli başlı vaxt alırdı. Şvarst mənə xəbər elədi ki, bəs üç fotoaparatla apardığı çəkilişdən bir dənə də olsun ələ gələn şəkil yoxdur. Birində kadr yanıb, birində nəsə üst-üstə düşüb, birində başqa şey. Bu söhbət məni lap qorxuya saldı. Təsəvvür elə, mən də eynisini yaşasaydım, gör nə olardı... Birtəhər özümü toparlayıb çəkdiklərimi yoxladım. Şükür ki, hər şey qaydasında idi. Şəkilləri kiçik formada çıxarıb apardım. Orada şəkillərin haradasa 20-25 ədədini seçib dedilər ki, Heydər Əliyevin baxması üçün bunları iri formatda çap elə. Gəlib çıxardım, vaxt təyin elədilər ki, Milli Məclisə gəl, Heydər Əliyev şəkillərə baxmalıdır.
Heydər Əliyev şəkillərə bir-bir və çox diqqətlə baxdı, incələdi. Sonra mənə baxıb dedi ki, sən mənimlə işləyəcəksən. Qeyri-ixtiyari cavab verdim ki, mən televiziyada işləyirəm. Qayıtdı ki, sənə deyirəm, sən mənimlə işləyəcəksən. Daha bu sözün qarşısında nə demək olar ki?
Sonralar Prezident Adminstrasiyasının Mətbuat şöbəsində mənim üçün ştat açıldı hətta. Düzü, mən belə hesab edirdim ki, yəqin, bir müddət işləyərəm, sonra peşəkar fotoqraf tapılar, mən də qayıdaram televiziyaya. Amma nə oldu? On il Heydər Əliyevin şəxsi fotoqrafı oldum".
Rafiq Bağırov qeyd edib ki, Ümummilli lider işinə olduğu kimi, fotolarına da çox tələbkar yanaşıb:
"Mən yeganə adamam ki, onun evinə girməyə ixtiyarım vardı. Bütün ailə məclisləri, ad günləri... Və sənə deyim, bu məclislərin heç biri dəbdəbəli olmurdu. Qətiyyən dəbdəbə sevən deyildi. Çox sadə. Özü və ailəsi, vəssalam.Heydər Əliyevin istirahət günləri çox az idi. Mən sizə tam səmimi və real bir faktı deyim ki, on il ərzində onun, uzağı, beş-altı gün istirahət elədiyini görmüşəm. Çox ağır, sıx iş qrafiki vardı. Səhər 10-da işə gəlirdi, gecə saat 11-12-yə qədər işləyirdi. İşində necə tələbkar idisə, fotolarına da elə yanaşırdı. Məni özünün şəxsi fotoqrafı kimi təyin edəndən sonra demişdi, ola bilər ki, hansısa tədbirdə, görüşdə görərsən ki, qalstukum əyridi, ya pencəyim yaxşı görünmür və sair. Qətiyyən çəkinmə, yaxınlaş, de mənə. Amma onu da deyim ki, o qədər səliqəli, geyim-keciminə fikir verən adam idi ki, belə bir hal, demək olar ki, olmayıb.
Məndə bir kadr var, evdən çıxanda güzgünün qarşısında saçını darayanda çəkmişəm. Dönüb mənə dedi ki, bunu niyə çəkirsən? Dedim, cənab Prezident, bunların hamısı tarixdir. Güldü.
Heydər Əliyevlə bağlı arxivimdə 700 000-dən çox şəkil var. O vaxt plyonka dövrü idi, ona görə mümkün qədər qənaət edirdim, indiki avadanlıq olsaydı, yəqin ki, 10-15 milyon şəkil olardı.
Mənə iradları da olurdu. Bir dəfə ABŞ-də səfərdə idik. Günorta çağı idi, gün düz başımızın üstündə. Nəsə kollektiv şəkil çəkilməli oldu. Heydər Əliyev də dayanıb günə qarşı. Yəni heç bir avadanlıq o situasiyada adamın dadına çata bilməzdi. Mən tez keçib kənardan, yəni profildən çəkməyə başladım. Bu vaxt nədənsə başqa bir fotoqraf üzbəüzdən şəkillər çəkməyə başladı. Mən bilirəm axı, oradan alınmayacaq, mümkün deyil. Elə bunu görən Heydər Əliyev ucadan çağırdı ki, bəs Rafiq hanı? Haradadır? Niyə çəkmir? Mən tez irəli çıxdım ki, buradayam, cənab Prezident. Dedi, sən gecikmisən. Dedim, yox, mən bayaqdan buradayam, buradan çəkirəm. Əməlli başlı əsəbiləşdi. Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq...
Heydər Əliyevlə rahat yüzə yaxın ölkə gəzmişəm. Dünyanın ən böyük dövlətlərində, dövlət başçılarının saraylarında, kabinetlərində olmuşuq. ABŞ-dən tutmuş Çinə qədər... Mən indi də hansısa bir ölkəyə, yerə səfər edə bilərəm. Edirəm də. Amma ondakı səfərlər başqa idi, Prezidentlə, Heydər Əliyev kimi bir Prezidentlə başqa bir ölkəyə səfər etmək tamam fərqli hissdir, əlbəttə.
Bilirsiniz, Heydər Əliyev bütün rəsmi görüşlərdə söhbətin istiqamətini təyin edə bilirdi. Mən bunu çox rahatlıqla hiss edirdim, görürdüm ki, dialoqlara necə hakimdir. Şübhəsiz, onun nüfuzu, şöhrəti hamıya məlum idi".
R.Bağırov Heydər Əliyevin çəkdiyi sonuncu fotosunu da xatırlayıb:
"O, mənim fotoqrafiya müəllimim olub. Heydər Əliyevin bilmədiyi, başı çıxmadığı, demək olar ki, heç bir sahə yox idi. Mən də onun kimi bir adamın şəxsi fotoqrafıyam, deməli, daim öyrənməliyəm, daim üzərimdə işləməliyəm.
Onu ABŞ-yə yola saldıq, təyyarəyə minən vaxt çəkdim. Mən, bəlkə, ilk dəfə idi ki, onunla başqa bir ölkəyə getmədim, burada qaldım. Vəfat xəbəri isə məni çox sarsıtmışdı...".














.jpeg)

.jpeg)



































.jpeg)

