On nəfər alpinistin dağın zirvəsinə doğru təhlükəli səfəri gözlənilməz hadisələrlə müşayiət olunur. Yeni ekran əsərinin yayımlanan görüntüləri macəra və gərginlik dolu süjet vəd edir.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, rejissor Yuri Bıkovun “Вершина” (“Zirvə”) adlı yeni filminin hadisələri həvəskar alpinistlərdən ibarət qrupun dağ səfəri ətrafında cərəyan edir.

Süjetə əsasən, on alpinist üç bələdçinin müşayiəti ilə təxminən 5200 metr yüksəklikdə yerləşən zirvəyə qalxmağa qərar verir. Lakin səfər zamanı düşərgəyə Dmitri Zorin adlı sirli bir şəxsin gəlməsi vəziyyəti dəyişir.

Hava şəraitinin kəskin pisləşməsi, dağda yaranan təhlükələr və qrup üzvləri arasında baş qaldıran qarşıdurmalar səfəri əsl sınağa çevirir. Alpinistləri təkcə təbiətin sərt şərtləri deyil, həm də gözlənilməz hadisələr gözləyir.

Filmdə Artyom Bıstrov, Aleksandr Robak, Andrey Smolyakov və Anna Banşikova kimi aktyorlar rol alıblar.

Çəkilişlər Kabardin-Balkariya, Qaraçay-Çərkəz və Moskva ərazilərində aparılıb. Filmin premyerasının 3 dekabr 2026-cı ildə keçirilməsi planlaşdırılır.

Ramil Zeynallı