İranın iki neft tankerinin dəniz minalarına düşərək alovlandığını açıqlaması beynəlxalq enerji bazarında narahatlığı artırıb. Strateji su yolunda gəmi hərəkətinin kəskin azalması isə yeni iqtisadi və geosiyasi böhran ehtimalını gücləndirir.
“Unikal” xarici mətbuat əsasında təhlil hazırlayıb.
Fars körfəzində vəziyyət yenidən gərginləşir. Hörmüz boğazında neft tankerlərinin təhlükə ilə üzləşməsi və gəmiçilik hərəkətinin azalması dünya enerji bazarını ciddi sınaq qarşısında qoyur.
Noyabrın 15-də Anadolu Agentliyinin yaydığı məlumata görə, İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri iki neft tankerinin Hörmüz boğazının cənubunda dəniz minalarına düşdüyünü və yanğın baş verdiyini açıqlayıb. İran tərəfi gəmilərin icazəsiz marşrutla hərəkət etdiyini iddia edir.
Reuters də İranın hərbi dəniz qüvvələrinin üç tankerin minaya düşərək alovlandığı barədə məlumat yaydığını yazıb. Bununla belə, agentlik hadisələrlə bağlı İranın açıqlamalarını müstəqil şəkildə təsdiqləyə bilmədiyini vurğulayıb.
Dünya neftinin beşdə biri təhlükə altında
Hörmüz boğazının əhəmiyyəti onun coğrafi mövqeyindən və qlobal enerji təchizatındakı rolundan irəli gəlir.
Müharibədən əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz daşımalarının təxminən beşdə biri bu strateji su yolundan keçirdi. Bu səbəbdən boğazda yaranan hər hansı ciddi məhdudiyyət yalnız region ölkələrinə deyil, Avropa və Asiyanın enerji bazarlarına da təsir göstərə bilər.
Reuters-in məlumatına görə, gəmi izləmə şirkəti Kpler-in məlumatları şənbə günü boğazdan cəmi beş yük gəmisinin keçdiyini, bazar günü isə izlənilən keçid qeydə alınmadığını göstərib. Müqayisə üçün, əvvəlki həftəsonu bu göstərici 31 gəmi olub.
Bu rəqəmlər bölgədə gəmiçilik fəaliyyətinin nə qədər ciddi şəkildə zəiflədiyini göstərir.
İran və ABŞ arasında qarşıdurmanın yeni mərhələsi?
Hörmüz boğazı artıq sadəcə enerji daşımalarının həyata keçirildiyi dəniz marşrutu deyil. O, Vaşinqton və Tehran arasında siyasi və hərbi təzyiq vasitəsinə çevrilib.
İran boğaz üzərindən keçən gəmilərə nəzarəti gücləndirməyə çalışır. ABŞ isə İran limanlarına qarşı dəniz blokadası tətbiq etdiyini bildirir.
Belə şəraitdə hər hansı tankerə hücum, mina təhlükəsi və ya hərbi insident tərəflər arasında yeni eskalasiyaya səbəb ola bilər.
Əsas təhlükə isə hadisələrin nəzarətdən çıxmasıdır. Bir tərəfin təhlükəsizlik tədbiri kimi təqdim etdiyi addım digər tərəf tərəfindən hərbi təhdid kimi qiymətləndirilə bilər. Bu isə diplomatik danışıqların imkanlarını daha da məhdudlaşdırır.
Neftin qiyməti artarsa, kim uduzacaq?
Hörmüz boğazında uzunmüddətli məhdudiyyətlər ilk növbədə enerji idxalından asılı ölkələrə zərbə vura bilər.
Neft qiymətlərinin yüksəlməsi nəqliyyat, logistika, sənaye və istehsal xərclərini artırmaqla inflyasiyanı sürətləndirə bilər. Xüsusilə enerji resurslarının böyük hissəsini xaricdən alan Asiya iqtisadiyyatları üçün bu risk daha yüksəkdir.
Avropa ölkələri də enerji təchizatında əlavə çətinliklərlə üzləşə bilər. Bununla yanaşı, sığorta haqlarının və tanker daşımalarının qiymətinin artması enerji bazarında əlavə təzyiq yaradacaq.
Azərbaycan üçün isə vəziyyət ikitərəfli xarakter daşıyır. Dünya bazarında neft qiymətlərinin yüksəlməsi ixrac gəlirlərinə müsbət təsir göstərə bilər. Lakin qlobal iqtisadi tənəzzül, nəqliyyat xərclərinin artması və regional təhlükəsizlik riskləri ölkəmiz üçün də arzuolunmaz nəticələr yarada bilər.
Hörmüz böhranı müharibənin taleyini dəyişə bilərmi?
Hazırkı vəziyyətdə əsas sual İranın Hörmüz boğazı üzərində nəzarəti nə dərəcədə davam etdirə biləcəyidir.
Əgər gəmiçilik fəaliyyətindəki məhdudiyyətlər uzun müddət davam edərsə, bu, ABŞ və müttəfiqləri üçün ciddi iqtisadi və strateji problemə çevrilə bilər. Digər tərəfdən, boğazın tam hərbi nəzarət altına alınması da İran üçün böyük risklər yaradır.
Beləliklə, Hörmüz boğazında baş verənlər yalnız tankerlərin təhlükəsizliyi məsələsi deyil. Söhbət qlobal enerji təchizatından, böyük dövlətlərin geosiyasi maraqlarından və dünya iqtisadiyyatının sabitliyindən gedir.
Hörmüz boğazı bağlanarsa, bunun təsiri minlərlə kilometr uzaqda hiss olunacaq. Çünki bu gün dünya iqtisadiyyatının ən həssas nöqtələrindən biri məhz bu dar su yoludur.
Ramil Zeynallı









.jpg)








.jpeg)



.jpg)

.jpg)









.jpg)


.jpg)

.jpg)



.jpg)
.jpg)


.jpg)



.jpg)




