Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının aparıcı ali təhsil müəssisələrindən biri olan Pekin Kimya Texnologiya Universitetinin (PKTU) birgə təsis etdiyi PKTU-BMU Mühəndislik fakültəsinə 2026/2027-ci tədris ili üzrə qəbul olunan ilk tələbələrlə görüş keçirilib.
"Unikal" xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev yeni yaradılan fakültənin ilk tələbələrini təbrik edərək bu mərhələnin onlar üçün əlamətdar hadisə olduğunu vurğulayıb.
Rektor çıxışında Prezident İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin iki ölkənin strateji tərəfdaşlığının inkişafına, o cümlədən təhsil və elm sahələrində əməkdaşlığın genişlənməsinə mühüm zəmin yaratdığını bildirib. İki ölkə arasında viza rejiminin ləğvinin tələbə və müəllimlərin akademik mobilliyinin artırılması, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi və əlaqələrin möhkəmləndirilməsi baxımından yeni imkanlar açdığını vurğulayıb. Eyni zamanda, bu əlverişli şəraitin BMU ilə PKTU arasında əməkdaşlığın daha da inkişafına, tələbələrin beynəlxalq akademik mühitə inteqrasiyasına və yeni təhsil təşəbbüslərinin həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Fakültəyə ilk qəbulun nəticələrinə toxunan Yaqub Piriyev plan yerlərinin tam dolmasını və tələbələrin yüksək qəbul göstəricilərini təqdirəlayiq hal kimi dəyərləndirib. Qeyd olunub ki, kompüter elmləri, kimya, biotexnologiya və mexanika mühəndisliyi ixtisasları üzrə qəbul aparılıb, tələbələrin yarıdan çoxu isə 500-dən yüksək bal toplayıb.
Yaqub Piriyev qeyd edib ki, 3+1 modeli əsasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində tələbələr ilk üç il BMU-da, sonuncu il isə PKTU-da təhsil alacaqlar. Təhsil proqramını uğurla başa vuran məzunlara hər iki universitetin diplomu təqdim olunacaq. Tədris prosesinin hər iki ali təhsil müəssisəsinin yüksəkixtisaslı professor-müəllim heyətinin iştirakı ilə təşkili tələbələrə beynəlxalq akademik təcrübədən yararlanmaq, müasir mühəndislik bilikləri və praktiki bacarıqlar əldə etmək imkanı yaradacaq.
Rektor tələbələrin Çində təhsil aldıqları müddətdə Azərbaycanı layiqincə təmsil etmələrinin vacibliyini vurğulayıb. Həmçinin gənclərin qeyri-rəsmi səfirlər kimi ölkəmizin milli-mənəvi dəyərlərinin tanıdılmasına və Azərbaycan haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına töhfə verəcəklərinə inamını ifadə edib.
Görüşdə Yaqub Piriyev tələbələrlə səmimi söhbət aparıb, onların tədris prosesi, yeni təhsil mühiti və gələcək hədəfləri ilə maraqlanıb, fikir və gözləntilərini dinləyib. Gənclərə tövsiyələrini verən rektor onlara təhsillərində uğurlar arzulayıb və əldə edəcəkləri bilik və bacarıqları ölkəmizin inkişafına yönəldəcəklərinə əminliyini bildirib.













.jpg)











.webp)






















