Bakıda ilk dəfə keçirilən “World Young Chef, Young Waiter & Young Mixologist” (“WorldYYY”) beynəlxalq kulinariya müsabiqəsinin Azərbaycan üzrə regional finalı 19–20 oktyabr tarixlərində baş tutub.

"Unikal" xəbər verir ki, müsabiqəyə 100-dən çox müraciət daxil olub, 12 finalçı müəyyənləşdirilib. Qalib komanda 2027-ci ilin martında Londonda keçiriləcək Dünya Çempionatında Azərbaycanı təmsil edəcək.

1979-cu ildə yaradılan, 2019-cu ildə “The Nth Degree Global” tərəfindən yenidən təşkil edilən “WorldYYY” 28 yaşadək gənclərin aşpazlıq, ofisiantlıq və miksoloqluq sahələrində bacarıqlarını nümayiş etdirmələri üçün beynəlxalq platformadır.

Müsabiqənin Azərbaycanda keçirilməsinin birgə lisenziya sahibləri Robert Uolton (MBE) və “Lady of Gold” podkastının aparıcısı Səbinə Hacıyevadır. Təşkilati heyətdə “YYY” şirkətinin sahibi Robert Uolton, şirkətin meneceri Deyzi, marketinq və kommunikasiya üzrə direktor Aleks Fayner və Londonun üç “Miçelin” ulduzlu “The Fat Duck” restoranının direktoru Saymın Kinq yer alıb.

Tədbir "Yaban" restoranlar şəbəkəsi və "PAŞA Holdinq"in tərkibində fəaliyyət göstərən “SAFFRON” restoranlar qrupunun birgə ev sahibliyi ilə təşkil olunub. İlk gün “Atelier 61” restoranında açılış mərasimi və sektor nümayəndələri ilə görüş keçirilib. Əsas yarışma isə oktyabrın 20-də “CASA – Culinary Arts Centre of Azerbaijan”da baş tutub. İştirakçılar peşəkarlıqlarını, yaradıcılıqlarını, komanda ilə işləmək və müştərilərə xidmət bacarıqlarını nümayiş etdiriblər. Proqram “Atelier 61” restoranında keçirilən qala gecəsi və mükafatlandırma mərasimi ilə yekunlaşıb.

Layihənin Azərbaycanda keçirilməsinə “Atelier 61”, “Azer Ish”, “Vumart Gross”, “Food Line”, “Halalfood”, “Vumes”, “Güvən”, “Tamlı”, “Càsà”, “Badamlı”, “Savalan”, “Meysari”, “Sevimli Dad”, “Hacı Turgay”, “Vesta”, “AHG”, “Ponte Rosso”, “Scalis” və “Valio” şirkətləri yerli sponsor kimi dəstək göstəriblər.

“WorldYYY”nin beynəlxalq fəaliyyəti 14 ölkəni əhatə edir. Layihənin əsas məqsədləri gənc mütəxəssislərin inkişafına dəstək olmaq, Azərbaycanın zəngin kulinariya irsini dünya miqyasında tanıtmaq, yerli biznes nümayəndələri ilə əməkdaşlığı genişləndirmək və ölkəmizin qonaqpərvərlik sektorunun beynəlxalq mövqeyini gücləndirməkdir.

Müsabiqə, eyni zamanda, sosial inklüzivliyin təşviqinə önəm verir. “WorldYYY Education Foundation” mentorluq və təcrübə proqramları vasitəsilə sosial baxımdan həssas qruplardan olan gənclərin qonaqpərvərlik sektorunda peşəkar inkişafına dəstək göstərir.

Qeyd edək ki, tədbirin sonunda iş adamı, “Yaban” restoranlar şəbəkəsinin sahibi Rəşid Hüseynov öz maliyyə dəstəyi ilə ingilis dilinə tərcümə etdirərək çap etdirdiyi “İrəvan xanlığının bölgə mətbəxi” kitabını Londondan gələn qonaqlara hədiyyə edib.