Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Vətən müharibəsi şəhidi Elvin İsizadənin atası Azim Quliyevin 60 illik yubileyi münasibətilə təşkil olunan tədbirdə iştirak edib.

"Unikal" xəbər verir ki, görüş zamanı RİH başçısı Vaqif Həsənov şəhidin ailə üzvləri və tədbirdə iştirak edən digər şəhid ailələri ilə səmimi söhbət aparıb, onların qayğı və problemləri ilə maraqlanıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

RİH başçısı qeyd edib ki, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların göstərdikləri igidlik və qəhrəmanlıq gələcək nəsillər üçün örnək olacaqdır.

Xatırladaq ki, Elvin İsizadə 2001-ci il sentyabrın 4-də Ağdam rayonunun Qaradağlı kəndində anadan olub. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Elvin İsizadə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları, həmçinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.