Oktyabrın 22-də Qazax Rayon İcra Hakimiyyətinin akt zalında Rayon Ağsaqqallar Şurasının növbəti iclası keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə icra başçısı Rəcəb Babaşov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları və ziyalılar iştirak ediblər.

İclasın aparılması üçün Bakı Dövlət Universitetinin Qazax filialının direktor müavini, dosent Məmməd Yusifov sədr, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov katib seçilib. Gündəlikdə Şuranın sədrinin, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərinin seçilməsi məsələləri müzakirə olunub.

Uzun illər Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbinin direktoru işləmiş təqaüdçü müəllim Məzahir Şahvələd oğlu Qocayev Qazax Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Həmçinin 28 nəfərdən ibarət İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri seçilib. Müvafiq qərar böyük səs çoxluğu ilə qəbul olunub.

İcra başçısı Rəcəb Babaşov yeni sədr və üzvləri təbrik edərək onlara uğurlar arzulayıb. Məzahir Qocayevin pedaqoji və ictimai fəaliyyətini yüksək qiymətləndirən rayon rəhbəri onun göstərilən etimadı doğruldacağına əminliyini bildirib.

Rəcəb Babaşov milli-mənəvi dəyərlərin qorunmasında, ictimai həmrəyliyin möhkəmləndirilməsində və gənclərin vətənpərvər ruhda yetişməsində ağsaqqalların rolunu vurğulayıb. Ulu Öndər Heydər Əliyevin “Ağsaqqallarımız milli-mənəvi dəyərlərimizin qızıl fondudur” fikrini xatırladaraq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bu diqqət və qayğını davam etdirdiklərini qeyd edib.

İcra başçısı Qazax ağsaqqallarının Vətən müharibəsi və pandemiya dövründə əhaliyə mənəvi dəstəyindən danışıb, yeni tərkibdə formalaşan Şuranın ölkənin və rayonun inkişafına töhfə verəcəyini bildirib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri Eldar Quliyevin və öz adından iştirakçıları salamlayıb. O, ağsaqqalların ictimai-mədəni həyatda, gənclərin dövlətə və xalqa sədaqət ruhunda tərbiyəsində mühüm rol oynadıqlarını vurğulayıb. Regionlarda Şuranın bölmələrinin yenidən formalaşdırılmasını, Prezident İlham Əliyevin daxili və xarici siyasətinin dəstəklənməsini və vətəndaşlara çatdırılmasını əsas vəzifələr sırasında göstərib.

Bayram Yusifov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbənin əhəmiyyətindən danışıb, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində ağsaqqalların da yaxından iştirak edəcəklərini bildirib.

Yeni sədr Məzahir Qocayev göstərilən etimada görə təşəkkür edərək Şuranın uğurlu fəaliyyəti üçün çalışacağını, üzvlərlə birlikdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edəcəyini söyləyib.

Digər çıxışçılar yeni seçilən sədr və üzvləri təbrik edib, ölkədə, o cümlədən Qazaxda aparılan abadlıq-quruculuq işlərini və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirləri yüksək qiymətləndiriblər. Tarixi Zəfərin gələcək nəsillərə çatdırılmasında, gənclərə Vətən sevgisinin aşılanmasında ağsaqqal tövsiyələrinin əhəmiyyətini vurğulayıblar.

Sonda Rəcəb Babaşov Şuranın yeni tərkibinə gələcək fəaliyyətində uğurlar arzulayıb.