İtaliya millisinin sabiq üzvü Antonio Kassano Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştianu Ronaldu ilə braziliyalı əfsanəvi futbolçu Ronaldo Nazario arasında müqayisə aparıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, vaxtilə “Real Madrid”də braziliyalı Ronaldo ilə eyni komandada çıxış etmiş Kassano onun futbolçu keyfiyyətlərini yüksək qiymətləndirib.

“Ronaldo ilə eyni komandada çıxış etmək mənə nəsib olub. Söhbət mərkəz hücumçusundan gedirsə, onun kimisini heç vaxt görməmişəm. O, möhtəşəm futbolçu idi və oyunun gedişatını dəyişə bilirdi. Zədəsiz karyerası olsaydı, ağlasığmaz uğurlara imza atardı. Əsl Ronaldo o idi, Kriştianu isə onun yalnız yarısıdır. O, əsl fenomen idi”.

Qeyd edək ki, Antonio Kassano 2006-cı ilin yanvarından 2007-ci ilin avqustunadək “Real Madrid”də çıxış edib. İtaliyalı hücumçu Madrid klubunun heyətində bütün turnirlərdə 29 oyunda meydana çıxıb və 4 qol vurub.