Goranboy Rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Goranboy rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr və toxum sərgi-satış yarmarkası keçirilib. 

"Unikal" xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Azərbaycan Biznesinin İnkişafı Fondunun sədrinin müşaviri Namiq Zeynalov, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, aidiyyəti qurumların nümayəndələri və fermerlər iştirak etdiyi tədbir çərçivəsində əvvəlcə toxum sərgi-satış yarmarkası təşkil olundu. Yarmarkada müxtəlif toxum sortları və əkin materialları təqdim edilərək, məhsulların xüsusiyyətləri, istifadə imkanları və kənd təsərrüfatında keyfiyyətli toxum seçiminin əhəmiyyəti barədə məlumat verilib. 

Daha sonra “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib. 

Çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev kənd təsərrüfatının rayonun sosial-iqtisadi həyatında mühüm yer tutduğunu qeyd edərək bildirdi ki, aqrar potensialı ilə seçilən Goranboy rayonunda taxılçılıq, bitkiçilik və heyvandarlığın inkişafı, əkin sahələrindən səmərəli istifadə, məhsuldarlığın artırılması və fermer təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdəndir.

Məhərrəm Quliyev vurğuladı ki, müasir dövrdə kənd təsərrüfatının inkişafı yalnız əkin sahələrinin genişləndirilməsi ilə deyil, həm də innovativ texnologiyaların tətbiqi, su və torpaq ehtiyatlarından səmərəli istifadə, keyfiyyətli toxum təminatı və müasir suvarma sistemlərinin genişləndirilməsi ilə sıx bağlıdır. Xüsusilə su ehtiyatlarının qorunması, suvarma zamanı itkilərin azaldılması və əkin sahələrinin su təminatının yaxşılaşdırılması aqrar istehsalın dayanıqlılığının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Rayon rəhbəri müasir suvarma texnologiyalarının, o cümlədən pivot və damcı suvarma sistemlərinin tətbiqinin vacibliyini diqqətə çatdırdı. Bildirdi ki, bu sistemlər su ehtiyatlarından daha səmərəli istifadəyə, əkin sahələrinin optimal suvarılmasına və məhsuldarlığın yüksəldilməsinə imkan yaradır. Fermerlərin müasir suvarma texnologiyalarına çıxışının genişləndirilməsi, bu istiqamətdə dövlət dəstəyi imkanlarından yararlanması və təsərrüfatlarda innovativ yanaşmaların tətbiqi aqrar sektorun gələcək inkişafı üçün mühüm şərtlərdəndir.

Məhərrəm Quliyev Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, proqram aqrar istehsalın artırılması, məhsulların rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, emal imkanlarının inkişafı və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm istiqamətləri əhatə edir. 

Rayon rəhbəri Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Goranboy kimi aqrar potensialı yüksək olan rayonlarda kənd təsərrüfatının müasir tələblər əsasında inkişafına, fermerlərin istehsal imkanlarının genişləndirilməsinə və yerli məhsulların bazarda rəqabət qabiliyyətinin artırılmasına əlavə imkanlar yaradacağını bildirdi. 

Məhərrəm Quliyev rayonda fəaliyyət göstərən iri aqrar müəssisələrin ölkənin kənd təsərrüfatı sektorunun inkişafına verdiyi töhfələrə də toxunaraq, “Region Aqro” MMC-nin fəaliyyətini nümunə göstərdi. Qeyd etdi ki, müasir texnologiyaların tətbiqinə, geniş əkin sahələrinin səmərəli idarə olunmasına və yüksək məhsuldarlığın əldə edilməsinə yönələn belə layihələr aqrar istehsalın inkişafı baxımından əhəmiyyət daşıyır.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında kənd təsərrüfatında innovasiyaların tətbiqinin, müasir texnologiyalardan istifadənin və fermerlərin maarifləndirilməsinin əhəmiyyətindən danışdı. O, toxum sərgi-satış yarmarkalarının fermerlərin yeni toxum sortları ilə tanış olması, keyfiyyətli əkin materialları barədə məlumat əldə etməsi və aqrar yeniliklərin istehsalçılara çatdırılması baxımından əhəmiyyətini qeyd etdi.

Azərbaycan Biznesinin İnkişafı Fondunun sədrinin müşaviri Namiq Zeynalov isə çıxışında aqrar sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, fermerlərin maliyyə resurslarına çıxış imkanları və təsərrüfatların inkişafına yönələn dəstək mexanizmləri barədə məlumat verdi. O, kənd təsərrüfatı istehsalçılarının maliyyələşmə imkanları ilə bağlı məlumatlandırılmasının və aqrar sahibkarlığın inkişafının vacibliyini vurğuladı.

Panel müzakirələr zamanı aqrar sahədə dövlət dəstəyi imkanlarından istifadə, kənd təsərrüfatı istehsalçılarının maliyyələşdirilməsi, keyfiyyətli toxum təminatı və məhsuldarlığın artırılması məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Fermerlərin sualları cavablandırılıb, onları maraqlandıran məsələlər dinlənilib və müvafiq istiqamətlər üzrə məlumatlandırma həyata keçirildi.
Qeyd edək ki, bu cür tədbirlərin təşkili fermerlərin aqrar sahədə mövcud imkanlar barədə məlumatlılığının artırılmasına, dövlət dəstək mexanizmlərindən səmərəli istifadəyə, yerli istehsalın genişləndirilməsinə və rayonun kənd təsərrüfatı potensialının gücləndirilməsinə xidmət edir.