Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Sünik vilayətinə səfəri ilə bağlı təfərrüatları açıqlayıb.
"Unikal" xəbər verir ki, səfər çərçivəsində TRIPP layihəsi üzrə infrastrukturun layihələndirilməsi işlərinin başlanması ilə əlaqədar bir sıra təşkilati məsələlər müzakirə olunub.
"Biz dünən layihələndirmə işlərinin başlanmasını təşkil etmək üçün səfər etdik. Söhbət dəmir yolu, avtomobil yolu və enerji infrastrukturunun genişləndirilməsindən gedir", - deyə o bildirib.
Qriqoryan əlavə edib ki, dəmir yolu ilə bağlı hər şey aydındır, sadəcə mövcud istehkamların və qurğuların vəziyyətini yerində qiymətləndirmək istəyiblər.
Dəmir yolunun keçəcəyi marşruta gəldikdə isə, baş nazirin müavini qeyd edib: "Bu artıq məlumdur və burada müzakirə olunacaq heç nə yoxdur".
O, əlavə edib ki, layihələndirmə işlərinə başlanacaq, lakin avtomobil yolu ilə bağlı hələ bəzi modelləşdirmə məsələləri həll olunmalıdır, çünki yolun tərkibində mürəkkəb və əlçatmaz hissələr mövcuddur. O, həmçinin elektrik ötürücü xətlərlə bağlı vəziyyətin də aydın olduğunu vurğulayıb.
Baş nazirin müavini bu üç infrastruktur komponenti üzrə layihələndirmə işlərinə artıq başlamağın mümkün olduğuna dair əminlik ifadə edib.
Ağarza Elçinoğlu















































