Fransada regional hakimiyyət orqanları, həmkarlar ittifaqları tərəfindən təşkil olunanlar istisna olmaqla, qarşıdakı günlərdə keçirilməsi planlaşdırılan bütün nümayişlər qadağan ediləcək.

"Unikal" xəbər verir ki, bu barədə Emmanuel Makron hökumət rəsmiləri ilə qarşıdan gələn etiraz aksiyaları ətrafında apardığı müzakirələrdən sonra məlumat verib.

Prezident bildirib: "Həmkarlar ittifaqlarının təşkil etdiyi aksiyalara gəldikdə, prefektlər alternativ marşrutlar təklif edəcəklər. Əgər söhbət həmkarlar ittifaqlarının nümayişlərindən getmirsə, biz belə aksiyaların qarşısını mümkün olan hər yerdə alacağıq".

Fransa liderinin sözlərinə görə, hazırkı məqam etiraz aksiyaları keçirmək vaxtı deyil: "Hamımız sakitliyə qayıtmalıyıq".

O, oktyabrın 17-də baş verən iğtişaşlara görə ifrat solçu qrupları günahlandırıb: "Onların məqsədi Respublikanı məhv etməkdir".

Xatırladaq ki, oktyabrın 17-də Parisdə və Fransanın digər bölgələrində yanacaq qiymətlərinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi etiraz aksiyaları keçirilib. Bir sıra şəhərlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Daxili işlər naziri Loran Nunyes bəyan edib ki, hakimiyyət orqanları dağıntı və talanlarda iştirak edən bütün şəxsləri təqib etməyə davam edəcəklər.

Ağarza Elçinoğlu