Azərbaycanın 31 Türkiyə vətəndaşını arzuolunmaz şəxs elan etməsi və 7 nəfər haqqında beynəlxalq axtarış qərarı rəsmi Bakının mövqeyində nə qədər ciddi olduğunu ortaya qoydu.

Hər bir dövlət öz ərazisində qanunların icrasını təmin etmək, milli təhlükəsizliyini qorumaq və hüquqi qərarlar qəbul etmək hüququna malikdir. Həmin qərarların başqa ölkənin vətəndaşlarına aid olması da bu hüququ aradan qaldırmır.

Ümumiyyətlə, Azərbaycanın qəbul etdiyi qərarlar, Türkiyə ilə münasibətlərin gələcəyi və Ankara ilə Bakı arasında yaranan narazılıqların aradan qaldırılması istiqamətində atılan addımlar regionun siyasi gündəmində diqqət çəkən məsələlərdəndir. Rəsmi Bakının mövqeyi göstərir ki, müttəfiqlik münasibətləri qarşılıqlı hörmətə əsaslanmalı, tərəflər bir-birinin daxili işlərinə qarışmaqdan çəkinməlidirlər.

Azərbaycan-Türkiyə münasibətlərinin özəlliyi isə ondan ibarətdir ki, iki ölkə arasındakı əlaqələr adi diplomatik münasibətlərlə məhdudlaşmır. Bu münasibətlər uzun illər ərzində siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə inkişaf edib. Məhz buna görə də yaranan hər hansı narazılığın həlli hər iki tərəfdən daha çox siyasi məsuliyyət və həssaslıq tələb edir.

Baş verən son hadisələrə diqqət yetirdikdə, rəsmi Bakının məsələyə münasibətinin kifayət qədər aydın olduğunu görmək mümkündür. Əvvəlcə Azərbaycan Baş Prokurorluğu Türkiyədə yaşayan və fəaliyyət göstərən yeddi nəfər barəsində beynəlxalq axtarış elan edildiyini açıqlayıb. Bundan sonra isə Xarici İşlər Nazirliyi 31 Türkiyə vətəndaşını "arzuolunmaz şəxs"lər siyahısına daxil edib.

Bu addımların əsas mesajı ondan ibarətdir ki, Azərbaycan öz daxili məsələlərinə münasibətdə kənardan təzyiq göstərilməsini qəbul etmir. Söhbət təkcə ayrı-ayrı şəxslərin açıqlamalarından getmir. Məsələnin arxasında dövlətin hüquqi qərarlarına, idarəçilik prinsipinə və suverenliyinə münasibət dayanır.

Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olması heç bir tərəfə digərinin daxili qərarlarını dəyişdirmək hüququ vermir. İki ölkənin dostluğu və müttəfiqliyi qarşılıqlı hörmət üzərində qurulub. Bu prinsip qorunmadıqda, ən yaxın tərəfdaşlar arasında belə anlaşılmazlıqlar yarana bilər.

Xüsusilə diqqət çəkən məqam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın Azərbaycandakı məktəblərdə vahid geyim forması ilə bağlı qaydaları tənqid etməsi və Bakını qərarını dəyişməyə çağırması olub. Saralın mövqeyi Azərbaycanda birmənalı qarşılanmayıb. Yeni Azərbaycan Partiyası oktyabrın 13-də yaydığı açıqlamada Türkiyə rəsmilərinin bu məsələyə dair fikirlərini tənqid edib və Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirdiyi yanaşmalara etirazını bildirib. 

Burada əsas məsələ hicabla bağlı müzakirələrdən daha genişdir. İstənilən dövlətin qərarları tənqid oluna bilər. Lakin başqa ölkənin vəzifəli şəxsi həmin qərarların dəyişdirilməsi üçün siyasi təzyiq göstərməyə çalışdıqda, məsələ artıq adi fikir mübadiləsi çərçivəsindən çıxır. Azərbaycan tərəfinin narazılığı da məhz bu kontekstdədir.

Gərginlik fonunda Türkiyə Prezidentinin İlham Əliyevə zəng etməsi və onu Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçiriləcək 13-cü Zirvə Görüşünə dəvət etməsi xüsusi əhəmiyyət daşıyır.

Oktyabrın 21-də baş tutan telefon danışığında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub. Ərdoğan Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. İlham Əliyev də iki ölkə arasındakı münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə inamını bildirib. 

Ərdoğanın İlham Əliyevi şəxsən zirvə görüşünə dəvət etməsi də bu baxımdan əhəmiyyətlidir. Türkiyə Azərbaycanla münasibətlərin mövcud narazılıqların təsiri altında zəifləməsini istəmir. Bakı üçün də Ankara ilə strateji tərəfdaşlığın qorunması vacibdir. Ancaq münasibətlərin davamlılığı yalnız siyasi bəyanatlarla deyil, qarşılıqlı addımlarla təmin oluna bilər.

Başqa sözlə, Ankara ilə Bakı arasında münasibətlərin normallaşması üçün imkan mövcuddur. İndi əsas məsələ bu imkanın konkret nəticələrə çevrilməsidir.

Oktay Saral vəzifəsini itirə bilərmi?

Münasibətlərin gələcəyi ilə bağlı müzakirələrdə Oktay Saralın taleyi də diqqət çəkir. Türkiyə Prezidentinin baş müşavirinin Azərbaycanla bağlı açıqlamaları rəsmi Bakıda narazılıq doğurub. Belə bir şəraitdə onun mövqeyinin zəifləməsi və ya vəzifəsindən azad edilməsi ehtimalı barədə suallar yaranıb.

Türkiyə hakimiyyətinin qarşısında siyasi seçim dayanır. Bir tərəfdə Azərbaycanla strateji müttəfiqlik, digər tərəfdə isə iki ölkə arasında narazılıq yaradan ayrı-ayrı siyasi açıqlamalar var. Ankara bu cür açıqlamaların dövlətlərarası münasibətlərə təsir göstərməsinin qarşısını almağa çalışa bilər.

Əgər Türkiyə rəhbərliyi münasibətlərin qorunmasını əsas prioritet hesab edirsə, dövlət rəsmilərinin və siyasi fiqurların başqa ölkənin daxili məsələləri ilə bağlı daha ehtiyatlı mövqe tutmasına çalışması gözləniləndir. Bu baxımdan Saralın vəzifəsini itirəcəyi istisna deyil.

Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşü Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyətini qiymətləndirmək baxımından mühüm fürsət ola bilər.

TDT çərçivəsində Azərbaycan və Türkiyə yalnız ikitərəfli məsələləri deyil, bütövlükdə türk dövlətləri arasında əməkdaşlığın gələcəyini də müzakirə edirlər. Belə bir platformada yaranmış narazılıqların aradan qaldırılması istiqamətində addımların atılması hər iki ölkənin maraqlarına uyğundur.

Bakı ilə Ankara arasında münasibətlərin normallaşması üçün ilk növbədə qarşılıqlı etimadın qorunması, siyasi açıqlamalarda məsuliyyətin artırılması və dövlətlərin daxili qərarlarına hörmət edilməsi vacibdir. Əgər bu prinsiplər əsas götürülərsə, son günlər yaranmış gərginliyin münasibətlərə uzunmüddətli zərər vurmasının qarşısını almaq mümkündür.

Üstəlik, Azərbaycan və Türkiyənin regional maraqları bir çox istiqamətdə üst-üstə düşür. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, türk dövlətləri arasında əlaqələrin genişləndirilməsi və regional sabitlik iki ölkənin əməkdaşlığını zəruri edən əsas amillərdəndir. Ayrı-ayrı şəxslərin açıqlamalarının bu strateji gündəliyə mane olması nə Bakının, nə də Ankaranın maraqlarına uyğundur.

Bakı ilə Ankara arasında yaranmış gərginliyin aradan qaldırılması qısa zamanda mümkündür. Ərdoğanın İlham Əliyevə zəngi və TDT zirvəsinə dəvəti siyasi dialoqun davam etdirilməsi baxımından müsbət siqnaldır. Lakin münasibətlərin əvvəlki səviyyədə davam etməsi üçün təkcə qardaşlıq bəyanatları kifayət etməyəcək. Əsas şərt Azərbaycanın suveren qərarlarına hörmət edilməsi və iki ölkə arasında qarşılıqlı etimadın qorunmasıdır. Bakı üçün Türkiyə ilə müttəfiqlik nə qədər vacibdirsə, milli maraqların və daxili qərarların müstəqilliyi də bir o qədər əhəmiyyətlidir.

Ağarza Elçinoğlu