22 oktyabr 2026-cı il tarixində Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanqın və nümayəndə heyətinin Pirallahı rayonuna səfəri baş tutub. Səfər çərçivəsində ağacəkmə aksiyası və gənclərlə görüş keçirilib. Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Millət vəkili Günay Əfəndiyeva, Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanq və nümayəndə heyətinin üzvləri, Pirallahı Bələdiyyəsinin sədri Əli Kərimov, Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, Pirallahı Gənclər Evinin müdiri Arzu Qarazadə və rayon gəncləri iştirak ediblər.
"Unikal" xəbər verir ki, ilk olaraq, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov qonaqlar Pirallahı qəsəbəsinin Səməd Vurğun küçəsində, Pirallahı Sənaye Parkının yaxınlığında təşkil olunan ağacəkmə aksiyasında iştirak ediblər. Aksiya çərçivəsində Vasif İmanov, Millət vəkili Günay Əfəndiyeva və səfir Kımqu Kanq birlikdə ağac əkib, əkilən ağacın üzərinə xatirə lövhəsi yerləşdirilib. Aksiya çərçivəsində ümumilikdə 100 ədəd ağac əkilib. Daha sonra qonaqlar rayon ərazisində yerləşən “Abşeronneft” NQÇİ-nin ərazisi ilə tanış olub və burada neftçilərlə görüş keçirilib.
Ardınca RİH başçısı və qonaqlar Pirallahı Gənclər Evində olublar. Burada “Koreya Azərbaycan gənclərinin gözü ilə” adlı rəsm sərgisinə baxış keçirilib. Sərgidə nümayiş olunan əsərlərdə iki ölkənin mədəni oxşarlıqları, adət-ənənələri və digər özünəməxsus xüsusiyyətləri əks olunub.
Daha sonra tədbirin rəsmi hissəsi başlayıb. İlk olaraq çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb. O, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mədəni əlaqələrin, gənclər təşəbbüslərinin və bu kimi görüşlərin mühüm rol oynadığını qeyd edib. Rayon rəhbəri Pirallahıda həyata keçirilən inkişaf layihələrinin, müasir infrastrukturun və yaradılan imkanların rayonun gələcək inkişafına mühüm töhfə verdiyini, sənaye və qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərin isə iqtisadi əməkdaşlıq üçün geniş perspektivlər açdığını diqqətə çatdırıb. O, həmçinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən gənclərə göstərilən diqqət və qayğıya görə rayon ictimaiyyəti adından təşəkkürünü ifadə edib. Vasif İmanov Koreya Respublikasının nümayəndə heyətinin Pirallahıya səfərinin mədəni və iqtisadi əlaqələrin genişlənməsinə, xalqlar arasında qarşılıqlı marağın və anlaşmanın daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib və qonaqlara uğurlu səfər arzulayıb.
Ardınca Milli Məclisin deputatı Günay Əfəndiyeva çıxış edərək, Azərbaycan və Koreya Respublikası arasında əlaqələrin mədəni aspektinə toxunub. O, xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin möhkəmləndirilməsində mədəniyyətin, incəsənətin və gənclər arasında əlaqələrin mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, bu cür təşəbbüslər hər iki xalqın mədəni irsinin daha yaxından tanıdılmasına, qarşılıqlı marağın artırılmasına və humanitar əlaqələrin genişlənməsinə xidmət edir.
Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanq çıxışında tədbirin təşkilinə görə təşəkkürünü bildirib və Azərbaycan ilə Koreya Respublikası arasında dostluq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. O, xalqlar arasında mədəni mübadilənin və qarşılıqlı tanışlığın ikitərəfli əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətini vurğulayıb. Səfir Pirallahı gənclərinin Koreya mədəniyyətinə göstərdiyi marağı yüksək qiymətləndirərək, bu kimi tədbirlərin gələcək əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Daha sonra Pirallahı Gənclər Evinin könüllüsü Zəhra Həmzəyeva çıxış edərək, Koreya dilinə olan marağından və iki ölkənin mədəniyyətləri arasındakı oxşarlıqlardan bəhs edib.
Tədbirin sonunda Pirallahı Gənclər Evi tərəfindən Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanqa hədiyyələr təqdim olunub. O cümlədən, Koreya səfirliyi tərəfindən 4 ədəd kompüter Pirallahı Gənclər Evinin könüllülərinə təqdim olunub.
Tədbir xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.












.jpg)


.jpeg)











.jpg)
























