"Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş strateji hədəflərə dair 2026-cı il üzrə planda bələdiyyə torpaqlarına dair icarə münasibətlərinin mövcud vəziyyətinin təhlili ilə bağlı müvafiq tapşırıq verilib. Qeyd olunan tapşırıq çərçivəsində tərəfimizdən bələdiyyələrin hazırda istifadədə və icarədə olan torpaqları təhlil olunmuş və bu zaman müəyyən qədər çatışmazlıqların olduğu müəyyənləşdirilib. Bununla bağlı tərəfimizdən artıq metodoloji işə başlanılıb".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda konfransda çıxışı zamanı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəisi Elmin Həsənov deyib.
"Ödənişlərin bələdiyyə büdcəsinə ödənməsi ilə yanaşı, eyni zamanda düzgün hesablanması, bugünkü bazar qiymətinə uyğunlaşması da bizim əsas təhlilin prioritet istiqamətlərindən biridir. Eyni zamanda torpaqlardan qanunsuz istifadəyə dair tərəfimizdən digər dövlət orqanları ilə də faydalı əməkdaşlıq olunur", - deyə idarə rəisi bildirib.
Anar Kəlbiyev












































