Qurban bayramı zamanı artan ət istehlakı sağlamlıq problemlərinə səbəb ola bilər.
"Unikal" diqqətə çatdırır ki, ətin düzgün miqdarda istehlak olunması, uyğun üsullarla bişirilməsi və mütləq dinləndirilməsi vacibdir.
Məlumata görə, Qurban bayramı dövründə gündəlik bişmiş ət istehlakı 100-150 qramı keçməməlidir. Yeni kəsilmiş ət dərhal istehlak edilməməli, ən azı 12-24 saat soyuducuda dinləndirilməlidir.
Xüsusilə ürək-damar və böyrək problemləri olan şəxslər üçün gündəlik ət miqdarı daha az - təxminən 70-100 qram arasında olmalıdır.
Türkiyəli mütəxəssis Kübra Şahin ətin hazırlanma üsullarını açıqlayıb. O, ətin qaynatma və sobada bişirmənin daha faydalı olduğunu deyib. Dietoloq qeyd edib ki, qaynatma üsulu həm kalorinin azalmasına, həm də həzmin asanlaşmasına kömək edir. Sobada bişirmə isə qidanın dəyərini qoruyur və əlavə yağ istifadəsinə ehtiyac yaratmır. Bununla yanaşı, çox yüksək temperaturda bişirmənin zərərli maddələrin yaranmasına səbəb ola biləcəyi vurğulanıb.
Mütəxəssis qovurma və qızartma üsullarından uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, bu cür yeməklər həm həzmi çətinləşdirir, həm də yüksək yağ və xolesterin səbəbindən ürək-damar xəstəlikləri riskini artırır.
Şahin yeni kəsilmiş ətin dərhal yeyilməsinin sağlamlıq üçün riskli olduğunu da bildirib. O qeyd edib ki, təzə ət sərt olur və çeynənməsi, həzm olunması çətinləşir. Bu isə köp, mədə ağrısı, həzmsizlik, reflüks və qastrit kimi problemlərə yol aça bilər.
Mütəxəssis əlavə edib ki, düzgün saxlanmayan təzə ət bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır və qida zəhərlənmələrinə səbəb ola bilər.
Kübra Şahin bayram süfrəsində yalnız ətə deyil, digər qidalara da diqqət yetirilməsinin vacibliyini bildirib. Onun sözlərinə görə, tərəvəzlər lif mənbəyi olduğu üçün həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Tam taxıllı məhsullar isə qan şəkərinin balansda qalmasına və uzunmüddətli toxluq hissinə kömək edir.
Mütəxəssis yoğurt, ayran və kefir kimi probiotik qidaların da həzmi asanlaşdırdığını qeyd edib. O, limonlu salat, pomidor, yaşıl bibər və portağal kimi C vitamini ilə zəngin məhsulların qırmızı ətdəki dəmirin sorulmasını artırdığını bildirib.
Kübra Şahin uşaqların yaş və inkişaf səviyyəsinə uyğun olaraq gündə təxminən 50-100 qram ət istehlak etməli olduqlarını vurğulayıb. Onun sözlərinə görə, uşaqlar üçün ət yaxşı bişirilməli, kiçik hissələrə bölünməli və tərəvəz, yoğurt, tam taxıllı məhsullarla birlikdə təqdim edilməlidir.
Yaşlı şəxslər üçün isə ətin daha yumşaq və rahat çeynənən formada hazırlanması tövsiyə olunub. Mütəxəssis bildirib ki, yaşlılarda mədə turşusunun azalması səbəbindən yağlı və çox ədviyyatlı ətlər həzm problemlərinə səbəb ola bilər.
Şahin bayramda həddindən artıq ət istehlakının qəbizlik, köp, həzmsizlik, mədə ağrısı və spazmlar yarada biləcəyini də diqqətə çatdırıb. O, bu problemlərin qarşısını almaq üçün bol su içməyi, lifli qidaları artırmağı, porsiya nəzarətinə diqqət etməyi və yeməkdən sonra yüngül gəzintilər etməyi tövsiyə edib.
Mütəxəssis sonda bildirib ki, kifayət qədər su qəbulu həm həzm prosesini asanlaşdırır, həm də qəbizliyin qarşısını almağa kömək edir.
















.jpeg)




































