Mərkəzi Bank tərəfindən 2027-2030-cu illər üzrə inkişaf strategiyasının təsdiq edilməsi nəzərdə tutulur.

"Unikal" Ölkə.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfərov deyib.

O bildirib ki, strategiyanın əsas istiqamətlərindən biri icbari sığortaların təkmilləşdirilməsidir.

Ramin Cəfərovun sözlərinə görə, bu, icbari sığortaların əhatə dairəsinin genişləndirilməsini, effektivliyinin artırılmasını, eləcə də məlumat bazalarının və nəzarət mexanizmlərinin gücləndirilməsini əhatə edir.

O qeyd edib ki, hazırda evin çıxarışı olmayan şəxslər əmlak sığortasından yararlana bilmirlər. Məlumat bazalarına çıxışın təmin edilməsi isə sığorta şirkətlərinə daşınmaz əmlakla bağlı məlumatları sistemə daxil etmək imkanı verəcək.

R.Cəfərov bildirib ki, hazırda icbari avtosığorta üzrə fəaliyyət göstərən şirkətlər Daxili İşlər Nazirliyinin məlumat bazasına daxil ola bilirlər. Onlar avtomobilin texniki pasportunun və qeydiyyat nömrəsinin məlumatlarını daxil etməklə nəqliyyat vasitəsi barədə müvafiq məlumatları əldə edirlər.

Şöbə rəisinin sözlərinə görə, daşınmaz əmlakın icbari sığortası ilə bağlı da oxşar layihənin hazırlanması nəzərdə tutulur.

R.Cəfərov onu da vurğulayıb ki, icbari əmlak sığortası yalnız çıxarışı olan mənzil və obyektlərlə məhdudlaşmır.

O bildirib ki, qanunvericiliyə əsasən, əmlak bələdiyyə və icra hakimiyyəti orqanlarının sənədləri, eləcə də dövlət qurumlarının alqı-satqı müqavilələri əsasında da sığortalana bilər.