Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Dünya müsəlmanlarının ən müqəddəs və əziz bayramlarından biri olan Qurban bayramı münasibətilə rayon ərazisində xeyriyyə aksiyası təşkil olunub.

"Unikal" xəbər verir ki, aksiya çərçivəsində rayon ərazisində yaşayan 300 nəfər sakini əhatə edilməklə, 98 şəhid ailəsinə, müharibə əlillərinə və aztəminatlı ailələrə qarşıdan gələn Qurban bayramı münasibətilə maddi yardım və bayram sovqatları təqdim edilib.

Tədbirin əsas məqsədi cəmiyyətin həssas təbəqələrinə xüsusi diqqət və qayğının göstərilməsi, bayram sevincinin onlarla birgə paylaşılması, həmçinin sosial həmrəylik və humanitar dəyərlərin təşviq olunmasıdır. Həyata keçirilən aksiya dövlətin sosial siyasətinin tərkib hissəsi olaraq vətəndaş rifahının yüksəldilməsinə və milli-mənəvi dəyərlərin möhkəmləndirilməsinə xidmət edir.

Xeyriyyə aksiyası çərçivəsində yardım göstərilən ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edərək, bu cür təşəbbüslərin cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Bayram ərəfəsində təşkil olunan sosialyönümlü layihələr həm də birlik, bərabərlik və həmrəylik ənənələrinin təbliği baxımından xüsusi önəm daşıyır.