26 may 2026-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “28 May – Müstəqillik Günü” münasibətilə “Müstəqilliyimiz Milli Sərvətimizdir” mövzusunda dəyirmi masa keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, RİH başçısı Aparatının məsul əməkdaşları, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Sevinc Məlikzadə, eləcə də rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan Vasif İmanov bildirib ki, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaradan Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan etməklə xalqımızın azadlıq və müstəqillik əzmini bütün dünyaya nümayiş etdirib. O qeyd edib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratik ənənələrin formalaşmasına mühüm töhfə verib. Həmin dövrdə Azərbaycanın ilk parlamenti və hökuməti yaradılıb, dövlət atributları təsis olunub, dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb, ölkənin beynəlxalq münasibətlər sistemində tanınması və milli maraqların müdafiəsi sahəsində əhəmiyyətli işlər görülüb. RİH başçısı vurğulayıb ki, xarici müdaxilələr, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəbindən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayıb və xalqımız yenidən müstəqilliyinə yalnız 70 ildən sonra qovuşa bilib. O bildirib ki, 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub. Vasif İmanov qeyd edib ki, müstəqilliyin ilk illərində ölkə ciddi təhlükələrlə, xaos, vətəndaş qarşıdurması və separatizm meyilləri ilə üzləşmişdi. Məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində ölkədə sabitlik bərpa olunub və inkişafın təməli qoyulub. Bu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Daha sonra çıxış edən Sevinc Məlikzadə bildirib ki, 28 may 1918-ci ildə mürəkkəb siyasi-hərbi şəraitdə Azərbaycan xalqı özünün və bütövlükdə Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərsə də, xalqımızın milli-vətənpərvərlik ruhunun, azadlıq və müstəqillik ideallarının güclənməsində mühüm rol oynayıb. Sevinc Məlikzadə vurğulayıb ki, sonrakı dövrdə üçrəngli dövlət bayrağımız ilk dəfə rəsmi şəkildə Ulu Öndər Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi qaldırılıb və bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. O əlavə edib ki, Prezident İlham Əliyev Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın müstəqillik dayaqlarını daha da möhkəmləndirib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu gün üçrəngli bayrağımız Azərbaycanın gücünün və milli birliyinin rəmzi kimi dünyanın ən mötəbər beynəlxalq platformalarında dalğalanır.
Tədbirin yekununda çıxış edən Emil Abasov qeyd edib ki, XX əsrin sonlarında yenidən müstəqilliyini bərpa edən Azərbaycan öz suverenliyini qoruyub saxlamağa nail olub. O bildirib ki, mürəkkəb siyasi və iqtisadi şəraitdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətçiliyin qorunması, ictimai-siyasi sabitliyin təmin olunması və ölkənin inkişafı istiqamətində qətiyyətli addımlar atıb. Emil Abasov vurğulayıb ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha böyük məsuliyyət tələb edir. Həmin dövrdə Ermənistanın Azərbaycana qarşı təcavüzü və daxili çəkişmələr ölkəni ağır vəziyyətə salmışdı. Belə bir şəraitdə xalqın çağırışı ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin xilaskarı oldu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, siyasi, iqtisadi və sosial islahatlar uğurla davam etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Tədbir diskussiya xarakterli çıxışlarla davam edib.

























.webp)
.jpg)



_1771938671.jpeg)






















